İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib və Azərbaycana qaytarılıb
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyinin birgə məlumatında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
O, tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Birgə məlumatda deyilir ki, Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə gedib. Martın 4-dən etibarən onunla əlaqə kəsilib. Sonradan onun həbs olunması barədə məlumatlar yayılıb.
Bizim.Media