Trampın “Böyük Amerika” İDEYASI – Hansı ölkələr xəritədən silinəcək?

Trampın “Böyük Amerika” İDEYASI – Hansı ölkələr xəritədən silinəcək?

Hazırda oxunan: Trampın “Böyük Amerika” İDEYASI – Hansı ölkələr xəritədən silinəcək?

230460

Gələn həftənin birinci günü bütün dünyanın diqqəti Vaşinqtona dikiləcək. Çünki superdövlət ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək. Bu tədbir tarixin ən bahalı andiçmə mərasimi olacaq. Belə ki, andiçmə tədbirinə 170 milyon dollar xərclənəcək.

ABŞ-ın 47-ci prezidentinin sponsorları isə kifayət qədər qüdrətli şirkətlərdir. Tədbirin sponsorları siyahısına Amazon, Meta, Google, Microsoft, Uber, Ripple, Open AI, Ford, General Motors. Toyota,  Pfizer, Bank of America və Chevron kimi şirkətlər var. Bu da onu göstərir ki, ABŞ-ın nəhəng şirkətləri ilk gündən Trampın yanındadır.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp məşhur aktyorları yüksək vəzifəyə TƏYİN ETDİ – FOTO


Tramp nə istəyir?

İkinci dəfə prezident kürsüsünə əyləşməyə hazırlaşan Tramp bu dəfə tam fərqli iddialarla çıxış edir. Onun dediklərindən aydın olur ki, dünyanın qaynar nöqtələri, iqlim dəyişikliyi, beynəlxalq təşkilatların üzvlük haqları onun üçün sonuncu məsələlərdir. Trampın hədəfi yeni və sözün tam mənasında “Böyük Amerika” qurmaqdır. Bu dövlətin sərhədləri indiki ABŞ-ın hüdudlarından çox-çox uzaqlara gedib çıxır.

Bu yaxınlarda yeni seçilmiş prezident Kanadanın ona qoşulacağı təqdirdə Birləşmiş Ştatların necə görünəcəyini əks etdirən xəritə paylaşıb. Həmin xəritədə Kanada və ABŞ eyni rəngə boyanaraq ABŞ adlanan bir dövləti əhatə edirlər. Nəzərə alaq ki, daha əvvəl D.Tramp bildirmişdi ki, bir çox kanadalı öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını müdafiə edir.

Doğrudur, Trampın bu ironiyasına Kanadanın baş naziri Castin Trüdo cavab vermişdi. Lakin bu cavab sonda Trüdonun istefası ilə nəticələndi.

Tramp daha nə istəyir?

Onu da qeyd edək ki, Tramp Kanada ilə kifayətlənmir və Qrenlandiyanı da yeni Amerikanın bir parçası kimi görür. ABŞ-ın yeni seçilmiş prezidenti  “Truth Social” hesabında yazıb ki, “Danimarka hakimiyyətinin müqavimətinə baxmayaraq, Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı razılaşma baş tutmalıdır.

Beləcə, Trampın hədəfi ABŞ-ın sərhədlərini şimala doğru genişləndirməkdir. Nəzərə alaq ki, Kanada hazırda birbaşa ABŞ-dan asılıdır. Hər il Kanada Federal büdcədən 100 milyard dollar yardım alır. Ona görə Tramp artıq əvvəlki ənənələrdən imtina etmək istəyir. O, bu günlərdə deyib ki, ABŞ Kanadaya ildə 100 milyard dollardan çox, Meksikaya isə 300 milyard dollara yaxın subsidiya verir:

“Biz belə olmamalıyıq, bu ölkələrə niyə subsidiya veririk? Subsidiyadan danışırıqsa, qoy onlar ştat olsunlar”.

Tək bu fikir onu göstərir ki, Trampın təkcə Kanada və Qrenlandiyaya yox, həm də Meksikaya dair planları var.

Şimali Amerika üçün yeni model

Bəzi ekspertlər hesab edirlər ki, Tramp bütün Şimali Amerikanı bir məqsəd altında birləşdirmək istəyir. Bu daha çox Avropa İttifaqı modelində təsəvvür edilir.

ABŞ-ın yeni prezidenti bunlarla kifayətlənmək istəmir. “Böyük Amerika” üçün yeni idarəetmə və maliyyə sistemi qurmaq istəyir. Ekspertlər hesab edirlər ki, Trampın "Amerikanı yenidən qüdrətli etmək" siyasəti proteksionizmin güclənməsinə səbəb ola bilər.

Qeyd etdiyimiz kimi, Trampın təşəbbüsü ilə federal bürokratiyanı məhv etmək və hökuməti özünə sadiq şəxslərdən formalaşdırmaq üçün "Hökumət Effektivliyi Departamenti" ("DOGE") yaradılıb. Bu departamentin rəhbərliyini İlon Mask və Vivek Ramasvami həyata keçirəcək.

Yanvar ayında Ağ Evə qayıtdıqdan sonra Trampın seçdiyi ən azı 11 əsas mövqedəki şəxs ya milyarder statusuna malikdir, ya da milyarder xanımla ailə qurub və ya bu sərvətə yaxınlaşıb.

Nəticədə, ABŞ tarixində ən varlı administrasiya formalaşır – onların ümumi sərvət 340 milyard dollar dəyərində qiymətləndirilib. Tramp daha üç milyarderi vəzifəyə  təyin etməklə bu rəqəmi daha da artırmaq istəyir. Müqayisə üçün qeyd edək ki, Baydenin kabinetində təmsil olunanların ümumi sərvəti 118 milyon dollar dəyərində qiymətləndirilir.  

Tramp administrasiyasının ən zəngin və ən məşhur üzvü isə "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, dünyanın ən varlı insanı İlon Maskdır. Nəzərə alaq ki, "DOGE" federal büdcədən 2 trilyon dollar qənaət etməyi planlaşdırdıqlarını elan ediblər. Bunun öhdəsindən gəlmək üçün müxtəlif taktikalar seçiblər. Əsas metodun isə işçilərin ixtisarı olacağı gözlənilir.

Yardımları azaltmaq hədəfi

Bu hədəfə çatmaq yolu kimi Tramp ABŞ-ın Şimali Atlantika Alyansından (NATO) çıxma ehtimalını istisna etməyib:

"Əgər onlar öhdəliklərini yerinə yetirsələr, Vaşinqtonun alyansda davamlı iştirak edəcək. Əks təqdirdə biz yoxuq”.

Nəzərə alaq ki, ABŞ NATO-nun əsas maliyyəçisidir. Qurumun illik xərcinin ən azı yarısını Pentaqon ödəyir.

Göründüyü kimi Tramp və onun milyarderlərdən ibarət komandası  “Böyük Amerika” yaratmaq iddiasındadır. Bu 36 trilyon borcu olan bir dövlət üçün asan deyil. Lakin ABŞ dolları və Ağ Evin dünyadakı siyasi nüfuzu bunun o qədər də çətin olmayacağı ehtimalını artırır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO