İƏT-in Baş katibi: Azərbaycanın mövqeyini daim dəstəkləyirik - FOTO

İƏT-in Baş katibi: Azərbaycanın mövqeyini daim dəstəkləyirik - FOTO

Hazırda oxunan: İƏT-in Baş katibi: Azərbaycanın mövqeyini daim dəstəkləyirik - FOTO

229293

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri - Milli Məclisin deputatları Səməd Seyidov, Fazil Mustafa, Cavanşir Paşazadə və Rəşad Mahmudov Səudiyyə Ərəbistanının Şura Məclisinin sədri Şeyx Məhəmməd bin Abdulla əl Aş-Şeyxin dəvəti ilə bu ölkəyə səfər ediblər.

QMİ-dən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri yanvarın 8-də İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən mənzil-qərargahında qurumun Baş katibi Hissein Brahim Taha ilə görüşüblər.
 

Görüşdə şeyxülislam Prezident İlham Əliyevin salamlarını İƏT-in Baş katibinə çatdırıb.


A.Paşazadə Azərbaycanın 1991-ci ildə - hələ Sovet İttifaqı dağılmamışdan əvvəl İƏT-in üzvü olduğunu vurğulayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dönəmində, Vətən müharibəsi vaxtında və ondan sonrakı müddətdə İƏT Baş Katibliyinin və üzv dövlətlərin ölkəmizin haqlı mübarizəsində dəstəyinin yüksək qiymətləndirildiyini, eyni zamanda, münaqişə ilə bağlı təşkilatın qəbul etdiyi qətnamə və bəyanatların böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasında ölkə rəhbərliyinin İslam dininə verdiyi ali dəyərdən bəhs edərək, ölkəmizin müstəqillik qazandığı ilk gündən etibarən İƏT-lə münasibətlərə xüsusi diqqət ayırdığını vurğulayıb.

Milli Məclisin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Xocalı qətliamının dünyada tanıdılmasında İƏT-in rolunu yüksək dəyərləndirərək, beynəlxalq müstəvidə ədalətin təmin olunması yönündə fəaliyyətini xüsusi qeyd edib. Hazırda beynəlxalq təşkilatların əksəriyyətinin böhran keçirdiyini ifadə edən C.Paşazadə İƏT-in Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrlə nümunəvi, örnək davranış sərgilədiyini bildirib.
 

Görüş zamanı parlament diplomatiyası haqqında fikirlər səsləndirilib və İƏT Parlament İttifaqı çərçivəsində ölkəmizin həyata keçirdiyi işlər diqqətə çatdırılıb.


QMİ sədri Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Bakıda keçirilən COP29 çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası və BMT-nin Ətraf mühit Proqramının birgə təşkilatçılığı ilə noyabrın 5-6-da Dini Liderlərin Qlobal Bakı Sammitinin keçirildiyini və İƏT Baş katibinin müavinin həmin tədbirdə yaxından iştirakını məmnunluqla qeyd edib.

Sonra çıxış edən İƏT Baş katibi Azərbaycanın mövqeyini daim dəstəklədiklərini qeyd edərək, COP29 tədbirinin uğurla keçirildiyini və konfransda iştirakdan məmnunluğunu bildirib.

Təşkilatın Azərbaycanla birlikdə keçirdiyi nazirlər iclaslarının səmərəli əməkdaşlığın möhkəmlənməsinə xüsusi təsir göstərdiyini ifadə edən H.B.Taha 2026-cı ildə İƏT Dövlət və Hökumət başçılarının 16-cı Sammitinin Azərbaycanda keçirilməsinin İƏT dövlətlərinin ölkəmizə etimadının göstərici olduğunu vurğulayıb.

Görüşün sonunda İƏT Baş katibi şeyxülislamdan onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Şeyxülislam isə H.B.Tahanı ölkəmizə səfərə dəvət edib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri davam edir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO