Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərində qəzaya uğrayıb.
Son məlumatlara əsasən, qəzaya uğrayan təyyarənin sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib.
Baş verən faciə ilə bağlı ölkəmizdə matəm elan olunub.
Faciəvi qəza ilə bağlı dünyanın bir çox ölkələrinin liderləri, beynəlxalq təşkilatların rəsmiləri Azərbaycana, eyni zamanda həyatını itirən şəxslərin yaxınlarına başsağlığı veriblər. Hətta Ermənistan Baş naziri Nikol Paşinyan da “X” hesabında bu faciə bağlı paylaşım edərək, həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Lakin Ukrayna Prezidenti Volodimir Zelenski təyyarə qəzası ilə bağlı nə rəsmi məktub göndərib, nə də başsağlığı ilə bağlı paylaşım edib. Zelenskinin susqunluğu Azərbaycanın sosial şəbəkə seqmentində geniş müzakirələrə səbəb olub. Əksər sosial şəbəkə istifadəçiləri Ukrayna Prezidentinin başsağlığı verməməsini birmənalı qarşılamayıblar.
Qeyd edək ki, AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı səsləndirilən ehtimallardan biri kimi hadisəyə Ukrayna Silhalı Qüvvələrinin Qroznıya dron hücumu etməsi göstərilir. Belə ki, təyyarənin üzərindəki dəliklərin də məhz silahlardan açılan atəş nəticəsində yarandığı iddia olunur.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.
Bizim.Media