Tarixi zəfərimizin MEMARI – Azərbaycanı qalib ölkəyə çevirən BÖYÜK LİDER

Tarixi zəfərimizin MEMARI – Azərbaycanı qalib ölkəyə çevirən BÖYÜK LİDER

Hazırda oxunan: Tarixi zəfərimizin MEMARI – Azərbaycanı qalib ölkəyə çevirən BÖYÜK LİDER

226687

Azərbaycanın 33 illik müstəqillik tarixi bir çox ölkələrin yüzilliklərə belə sığdıra bilməyəcəyi hadisələrlə zəngin olub. 1990-cı illərin əvvəllərində yaşadığımız əzablar, işgəncələr, məğlubiyyətlər və 2020-ci illərdə qazandığımız zəfərlər...

XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı dağılmaqdan, dövlət olaraq yox olmaqdan Ulu öndər Heydər Əliyev xilas etdi. O, dövləti nəinki sıfırdan, mənfilərdən alıb, inkişaf yoluna qaytarmağı bacardı. Ancaq Ulu öndərin ömrü vəfa etmədi və onun vəsiyyətini yerinə yetirmək, məğlub ölkəni qalibə çevirmək vəzifəsi İlham Əliyevin üzərinə düşdü.

Hədəflər böyük, maneələr çox...

Sirr deyil ki, yerləşdiyi unikal coğrafi mövqeyi, təbii sərvətlərinə görə Azərbaycan hər zaman böyük güclərin diqqət mərkəzində olub. Qarabağ münaqişəsi başda olmaqla, ölkəmizə qarşı bütün mənfi planların arxasında məhz bu səbəblər dayanıb. Üstəlik, İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdə əksər böyük güclər Qarabağ münaqişəsinin dondurulmasına, Azərbaycanın güclənməsinə mane olmağa çalışırdılar.

Məhz belə bir çətin situasiyada İlham Əliyev siyasi hakimiyyətə gəldi. Hələ ölkədəki bir milyondan artıq qaçqının problemlərini və ölkə əhalisinin digər qayğılarını demirik.

İlham Əliyev 2003-cü ilin payızında bu qədər ağır məsuliyyəti daşımağa başladı. Bunun bir səbəbi onun Vətən sevgisindən irəli gəlirdisə, digər səbəbi Ümummilli lider Heydər Əliyevin yarımçıq qalan arzularını gerçəkləşdirmək istəyi idi. 

Etiraf etmək lazım idi ki, ötən əsrin 90-cı illərində dünya ölkələrində nəinki vətəndaşlar, bir çox siyasilər belə Azərbaycan adlı ölkənin varlığından xəbərsiz idilər. Haqq səsimizi heç kim eşitmirdi, daha doğrusu eşitmək istəmirdi. Yəni, Azərbaycan dünyayla üz-üzə qalmışdı.
Azərbaycanın yeni lideri İlham Əliyev bu qədər çətin şəraitdə dövlət rəhbərliyinə gəlmişdi...

Diplomatiyamızda yeni era

İlham Əliyev Prezident seçilikdən sonra diplomatik münasibətlərimizə də yeni nəfəs gəldi. O, yeni münasibətlər qurdu, yollar axtardı. Bir zamanlar Azərbaycanda tez-tez dinlərarası dialoqlar təşkil edilir, qlobal çağırışlarla bağlı beynəlxalq forumlar keçirilirdi. Hətta dünyada ilk dəfə Azərbaycanda “Humanitar Davos” Forumu təşkil edildi. 

O zamanlar bəzi siyasi dünyagörüşündən məhrum olanlar bu cür tədbirlərə mənfi münasibət bildirirdilər. Ancaq onların absurd iddiaları Azərbaycan liderini həqiqət bildiyi yoldan yayındıra bilməzdi. Beləcə, uzun illər İlham Əliyev Azərbaycanı dünyaya tanıtmaq, dostlar qazandırmaq üçün çalışdı. Dünyaya yeni bir Azərbaycan təqdim etdi. 


İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycanı bütün dünyaya tanıtdı, ölkəmizə yeni tərəfdaşlar qazandırdı. Dostlarımız artıqca hədəflərimiz də böyüdü... İlham Əliyevin seçdiyi strategiya yavaş-yavaş özünü doğrultmağa başladı. Nəticədə tarixi zəfərə gedən yolda maneələr bir-bir aradan qaldırıldı.

Tarixi zəfərin memarı

Dünyanın ən sürətli və effektiv savaşlarından olan İkinci Qarabağ müharibəsinin qısa və uğurlu olması barədə çox danışılıb, çox yazılıb. Amma bir həqiqət çox az qeyd edilir ki, bu misilsiz qələbənin memarı olan İlham Əliyev müharibənin bu qədər qısa və uğurlu olması üçün 17 il gecə-gündüz çalışıb, işləmişdi. 

4 il əvvəl, sentyabrda Azərbaycan Prezidenti yaranmış tarixi fürsəti çox böyük məharətlə dəyərləndirdi və ildırımsürətli müharibəyə başladı. Nəzərə alaq ki, 2020-ci ilin payızında ABŞ-da hər kəsin başı Prezident seçkilərinə qarışmışdı. ABŞ-ın siyasi dairələri 78 yaşlı Co Baydeni xalqa necə sırıyacaqları barədə baş sındırırdılar.  

Avropanınsa başı COVİD-19-un gətirdiyi iqtisadi-sosial problemlərə qarışdığından Cənubi Qafqaz heç kimin yadına düşmürdü. Rusiya ilə isə münasibətlər inkişaf etdirilmişdi. Rəsmi Moskva müəyyən dövrə qədər və müəyyən məqsədlər üçün müşahidəçi statusunda çıxış edirdi. 

Ona görə də müharibə qısa müddətdə başa çatdırılmalı idi. Üstəlik, İlham Əliyevin diplomatiyası sayəsində böyük güclərin haqq savaşımız dönəmində neytrallaşdırılması mümkün oldu. 

Bir sözlə, İlham Əliyev 17 il ərzində yaratdığı xalq-hakimiyyət birliyi, ordu quruculuğu və uğurlu diplomatik əlaqələrimizi ən uyğun fürsətdə vahid məqsəd – Qarabağın işğaldan azad olunması uğrunda səfərbər etməyi bacardı.


Nəticədə, müzəffər Ali Baş Komandan İlham Əliyev müharibəni cəmi 44 günə yekunlaşdırdı və Ermənistanın kapitulyasiyasına, Azərbaycanın ərazi bütövlüyünə nail oldu. Bu isə İlham Əliyevin siyasi müdrikliyi ilə yanaşı, onun güclü hərbi biliyə malik olduğunun göstəricisidir.

2020-ci ilin noyabr ayının 9-da hər kəs ayaq üstə idi.

Hamı Azərbaycan Ordusunun yaxın saatlarda Xənkəndinə girəcəyini gözləyirdi. Lakin gecə saatlarında çoxlarının gözləmədiyi bir məlumat yayıldı ki, Azərbaycan-Rusiya-Ermənistan birgə bəyanat imzalayıblar. O zaman bəziləri qışqır-bağır saldılar ki, “indiki məqamda sülh lazım deyildi”,”ermənilər sonuncularına qədər Qarabağdan süpürülüb atılmalıydı”, “Xankəndisiz qələbə olmaz” və sair və ilaxır...

Bu cür məsuliyyətsiz fikirlərin bir qismi qələbə eyforiyasından qaynaqlanırdısa, digər bir qismi də düşmən dəyirmanına su tökmək məqsədi daşıyırdı. “Sapı özümüzdən olan balta”lar əldə etdiyimiz qələbəni bir yana qoyub düşmən dəyirmanına su tökürdülər. 

Məhz həmin günlərdə İlham Əliyev sonralar aforizmə çevriləcək bir fikir səsləndirdi:

“Biz nəyi, nə zaman və necə edəcəyimizi çox gözəl bilirik”.

Məlumdur ki, o zaman Xankəndidə kifayət qədər mülki şəxs vardı. Bu şəhərə hərbi müdaxilə isə kütləvi qırğın nağıllarının uydurulması ilə nəticələnə bilərdi. Bu isə olmayan “erməni soyqırımı”nı dünyaya inandıran ermənilərin əlini xeyli gücləndirə bilərdi. Azərbaycan Prezidenti də bunu çox gözəl bilirdi. Ona görə də danışıqlar masasına gedildi.


Əslində 10 noyabr Bəyannaməsi Azərbaycan üçün unikal idi. İlk növbədə ona görə ki Ali Baş Komandan Ağdam, Kəlbəcər və Laçını bir güllə belə atmadan azad etdi. Bundan əlavə, 10 noyabr bəyanatından sonra İlham Əliyev böyük güclərin məsələyə baxışını yenidən təhlil etdi və növbəti son, qəti həmlə üçün hazırlıqlara başladı. 

Qələbənin son akkordları

Problemin həlli istiqamətində son addım 2023-cü ilin sentyabr ayının 19-da atıldı. Cəmi 24 saat ərzində Qarabağ separatçılardan təmizləndi. Ən əsası Azərbaycanın bu qətiyyəti qarşısında qlobal güclər də səssiz qaldılar. Çünki nə 44 günlük müharibədə, nə də lokal antiterror tədbirləri zamanı mülki şəxslərə heç bir xələl yetirilmədi. 

Halbuki, ermənilər və onların Fransa kimi havadarları çox istəyirdi ki, Azərbaycan heç olmasa 50-60 mülki ermənini öldürsün. Bunu da şər qüvvələr əllərinə bayraq edib Azərbaycanın üzərinə gəlsinlər. 


Lakin İlham Əliyevin zərgər dəqiqliyi ilə hazırladığı planlar qüsursuz işlədi və Azərbaycan öz suveren hüquqlarını bərpa etdi. Ən əsası Azərbaycan humanist və tolerant ölkə olduğunu hər kəsə göstərdi, sübut etdi. 

Zəfər seçkiləri

Şanlı zəfərimizin son nöqtəsi isə bu ilin fevralında qoyuldu. Belə ki, fevralın 7-də müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində prezident seçkiləri baş tutdu. Azərbaycan xalqı suverenliyin bərpasının memarı, zəfərimizin öncülü olan İlham Əliyevə növbəti dəfə etimad göstərdi. Çünki xalqımız İlham Əliyevin Azərbaycanı növbəti zəfərlərə daşıyacağına əmin idi.  


Azərbaycan dünyanın diqqət mərkəzində

Məhz İlham Əliyevin müəllifi olduğu uğurlu siyasət nəticəsində Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan tədbirlərin keçirildiyi məkana çevrildi. Noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu cür tədbirlərin ən böyüyü idi. Belə ki, dünyanın 190-dan çox ölkəsindən 70 mindən çox nümayəndə paytaxtımıza toplandı. Onlar bütün dünyanı narahat edən iqlim dəyişikliyi probleminin həlli yollarını məhz Bakıda müzakirə etdilər.


İlham Əliyevin uğurulu xarici siyasəti sayəsində Azərbaycan dünyanın müxtəlif yerlərində əzilən xalqların hüquqlarını müdafiə edən gücə çevrildi. Fransa, Niderland kimi ölkələrin neokolonializm siyasətindən əziyyət çəkən xalqlar üçün Azərbaycan azadlıq mayakına çevrildi. Bu xalqların haqq səsini dünyaya çatdırmaq üçün ölkəmiz mühüm addımlar atdı. Nəticədə, bu gün Azərbaycan bayrağı dünyanın o başında, Sakit okeanda yerləşən Yeni Kaledoniyada dalğalanır. Öz haqlarını tələb edən kanaklar müstəmləkəçiliyə qarşı mübarizədə öz bayraqları ilə yanaşı bizim şanlı bayrağımızı da dalğalandırırlar. 

Bütün bunlarsa İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. 

Xalqımızın böyük oğlu, Müzəffər Ali Baş Komandan Azərbaycanı qalib ölkəyə çevirdi. Məhz İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 il əvvəl torpaqlarından didərgin düşən məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. 


Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə inkişaf, sabitlik və müstəqil siyasət yolunu seçib.

Və bu yolda uğurla irəliləməyə davam edir...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO