“Biz nəqliyyat dəhlizlərinin genişləndirilməsi və Asiyada daha təhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçün çalışacağıq. Kiçik və orta sahibkarların sərmayələrə, bazarlara çıxışı və onların elektron kommersiya kimi innovativ metodlarla beynəlxalq ticarətdə iştirakı, həmçinin kənd təsərrüfatında innovativ yanaşmalar da Sədrliyin bu çərçivədə diqqət yetirəcəyi sahələr arasında olacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının 7-ci görüşündə çıxışı zamanı söyləyib.
Nazir qeyd edib ki, yeni çağırışlar və təhdidlər ölçüsü üzrə diqqət qabiliyyət-quruculuğunun təşviqi, eləcə də kibertəhlükəsizlik və şəxsi məlumatların mühafizəsi üzrə uğurlu təcrübələrin mübadiləsinə yönələcək:
“Biz AQEM məkanında məlumatların mühafizəsi üzrə hüquqi çərçivənin harmonizasiyası, habelə kibertəhlükəsizlik və məlumatların məxfiliyi mədəniyyətinin təşviqi üçün çalışacağıq.
Ətraf mühit ölçüsünün mərkəzində müxtəlif sahələrdə konkret layihələr vasitəsilə yaşıl keçid və dayanıqlı inkişafın təşviqi duracaq. Bu xüsusda müxtəlif prioritet sahələr arasında qarşılıqlı əlaqənin təşviqi üçün bir-biri ilə kəsişən mövzuları əhatə edən gündəlik irəlilədiləcək. İnsan ölçüsünün vacib elementi kimi insanlararası əlaqələrin və turizmin təşviqi də bizim Sədrliyimizin gündəliyində vacib yer tutacaq.
Biz gənclərin AQEM Gənclər Şurası çərçivəsində Asiyada sülh, əməkdaşlıq və dayanıqlı inkişafa töhfə verə bilməsinin yolları ətrafında səmərəli müzakirəyə cəlb olunması istiqamətində fəaliyyət göstərməyə davam edəcəyik. Biz, həmçinin mədəni irsin qorunmasını prioritetləşdirəcəyik.
Müxtəlifliyi və zəngin tarixi ilə seçilən regionumuzda, mədəni mübadilə və irsin qorunub saxlanılması qarşılıqlı anlaşma və hörmətin təşviqi üçün mühüm əhəmiyyətə malikdir.
Bir sıra AQEM üzv dövlətləri ərazilərinin, minlərlə mülki şəxsin həyatına son qoyan, iqtisadi məqsədlər üçün istifadə oluna biləcək ərazilərə əlçatanlığı məhdudlaşdıran, təbii resurslardan dayanıqlı istifadədən məhrum edən mina və partlayıcı sursatlarla çirklənməsi səbəbindən çox ciddi çətinliklərlə üzləşirlər.
Bu səbəbdən Sədrlik AQEM çərçivəsində humanitar minatəmizləmə fəaliyyətinin qarşılıqlı fəaliyyət sahəsi kimi təşviqi imkanlarını nəzərdən keçirəcək”.
Nazir qeyd edib ki, AQEM çərçivəsində təhsil və elm sahələrinin potensialı da az istifadə edilmiş olaraq qalır. Biz hazırkı Nazirlər Şurasında təsis olunmasının yekunlaşacağı gözlənilən “Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi” vasitəsilə bu sahədə əməkdaşlığımızın genişləndirilməsi üzərində işləyəcəyik.
Şəbəkə tam işlək vəziyyətə gətirildikdə, Sədrlik yüksək potensial və imkanların müşahidə olunduğu sektorlar üzrə əməkdaşlığın canlandırılması üçün bu platformanın fəaliyyətə başladılması məqsədilə fəaliyyət göstərəcək.
Sadalanan birbaşa prioritetlərdən başqa, Sədrlik regionumuzun dəyişən ehtiyaclarının təmin olunması naminə qarşılıqlı əlaqə və etimad quruculuğu tədbirləri üzrə yeni istiqamətlərin araşdırılmasına açıqdır. Bu məqsədlə Sədrlik əlaqələndiricilər və həm-əlaqələndiricilərlə yaxından işləyəcək.
Bizim.Media