ATƏT PA-nın vitse-prezidenti: “İqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməlidir” - FOTO

ATƏT PA-nın vitse-prezidenti: “İqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməlidir” - FOTO

Hazırda oxunan: ATƏT PA-nın vitse-prezidenti: “İqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməlidir” - FOTO

221294

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti və iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Pere Joan Pons ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə COP29-un və Parlament Görüşünün uğurlu təşkili, bu tədbirlər zamanı aparılan müzakirələrlə bağlı fikir mübadiləsi aparılıb.
 

Qeyd edilib ki, bütün ölkələr iqlim dəyişikliyindən təsirlənir və onunla mübarizə bütün tərəflərin ümumi səylərini və cəlbini tələb edir. Tərəflər COP29-un iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmağa imkan verəcək mühüm qərarların əldə edilməsi ilə nəticələnəcəyinə inamlarını ifadə ediblər.


İqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlərin önəmli rolunun vurğulandığı söhbət zamanı iki gün davam edən Parlament Görüşündə milli parlamentlərdən, parlamentlərarası təşkilatlardan və digər qurumlardan 90-dan çox nümayəndə heyətinin iştirak etdiyi xatırladılıb. Sahibə Qafarova qeyd edib ki, bu, bizim bu prosesdə iştirak etmək niyyətimizi göstərir və görüşün sonunda qəbul olunan yekun sənəd ümumi mövqeyimizi əks etdirir.

ATƏT PA-nın vitse-prezidenti belə mötəbər tədbirə uğurla ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edib. Qonağın fikrincə, iqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməli və bu sahəyə diqqət daha da artmalıdır. O, COP29-da qəbul olunmuş qərarların bütün dünya üçün əhəmiyyətli nəticələrə gətirib çıxaracağına inamını ifadə edib.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verib. O, Azərbaycanın torpaqlarının 30 ilə yaxın işğal altında qaldığını, artıq keçmişdə qalmış münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun problemi həll edə bilmədiyini söyləyib. Sahibə Qafarova deyib ki, Azərbaycan bunu öz gücü hesabına özü həll edib. Ona görə də ATƏT-in Minsk qrupu artıq öz aktuallığını itirib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı qarayaxma və təzyiq kampaniyaları həyata keçirilib. Xüsusilə COP29 ərəfəsində bu cəhdlər daha da artıb.

Söhbət zamanı S.Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları əsasında görülən işlər barədə də qonağa məlumat verib. Onun sözlərinə görə, Azərbaycan yaşıl gündəliyi özünün milli inkişaf proqramlarına daxil edib və bərpaolunan enerji ilə bağlı layihələr həyata keçirir.

Görüşdə parlamentlərimizin beynəlxalq əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO