Ceyhun Bayramov BMT rəsmisi ilə işğaldan azad olunmuş ərazilərdəki mina təhdidi ilə mübarizəni MÜZAKİRƏ EDİB - FOTO

Ceyhun Bayramov BMT rəsmisi ilə işğaldan azad olunmuş ərazilərdəki mina təhdidi ilə mübarizəni MÜZAKİRƏ EDİB - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov BMT rəsmisi ilə işğaldan azad olunmuş ərazilərdəki mina təhdidi ilə mübarizəni MÜZAKİRƏ EDİB - FOTO

220695

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan BMT baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 

Bildirilib ki, görüş zamanı Azərbaycan və BMTİP arasında mövcud əməkdaşlıq gündəliyində duran, habelə Azərbaycanın COP29 sədrliyindən irəli gələn məsələlər müzakirə edilib.


Azərbaycanın BMTİP ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlığının mövcudluğunu qeyd edən nazir Ceyhun Bayramov, xüsusilə dayanıqlı inkişaf gündəliyinin irəlilədilməsi istiqamətində birgə layihələrin icrasını, ölkəmizin bu sahəyə sistematik yanaşmasının göstəricisi olaraq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, tərəfimizdən indiyədək 3 Könüllü Milli Hesabatın təqdim olunduğunu qeyd edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mina təhdidi ilə mübarizə səylərindən ətraflı bəhs olunub.

Azərbaycanın geniş yaşıl enerji potensialına əsaslanan inkişaf strategiyası, yaşıl enerji sahəsində regional və beynəlxalq layihələr, xüsusilə Xəzər və Qara dəniz hövzələrini birləşdirərək yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsündən bəhs olunub. Bu istiqamətdə, COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əhəmiyyəti qeyd olunub.

Azərbaycanın COP29-a sədrliyinin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunun irəlilədilməsi istiqamətində beynəlxalq təşkilatların, o cümlədən BMTİP-in aktiv iştirakçılığının vacibliyi vurğulanıb.

Bakıda keçirilən COP29 çərçivəsində ilk gündən etibarən Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılığın əldə olunması, İtki və Zərərlərə Cavab Fondunun işə başlanmasını təmin edən irəliləyişlər, habelə çoxtərəfli inkişaf bankları tərəfindən iqlim maliyyəsi üçün öhdəliyin illik əsasda 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması əhəmiyyətli uğur kimi qiymətləndirilib.

Qarşı tərəf Azərbaycan və BMTİP arasında müxtəlif sahələrdə əməkdaşlığın məmnunluq doğurduğunu, xüsusilə mina təhdidi ilə mübarizə sahəsinə BMTİP tərəfindən xüsusi əhəmiyyət verildiyini, bu istiqamətdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin yaradılması üzərində birgə fəaliyyətin aparıldığı bildirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO