Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Məhəmməd Şahbaz Şərif Pakistan Prezidenti Asif Əli Zərdarinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə dövlətimizin başçısını təbrik edən Məhəmməd Şahbaz Şərif vurğulayıb ki, qardaş Azərbaycanda belə bir tədbirin keçirilməsinə görə çox seviniblər. Pakistanın Baş naziri Azərbaycan Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış etdiyini deyib.
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə COP29-da iştirak etdiyinə görə minnətdarlığını bildirib və özünün Pakistana səfərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı dövlətimizin başçısının Pakistana səfəri zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olundu, ölkələrimiz arasında sərmayələr, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi məmnunluqla qeyd edilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olunub. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı çərçivəsində əlaqələrimizin əhəmiyyəti vurğulanıb.
Bizim.Media