Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb.
Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb.
Görüşdə Prezident İlham Əliyev imzalanan sənədin əhəmiyyətini vurğulayıb, bunun əməkdaşlığımızın möhkləmlənməsi işinə verdiyi töhfəyə toxunub.
Dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti bu tədbirin artıq səmərəli nəticələr verdiyini deyərək vurğulayıb ki, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı 10 ildən çoxdur müzakirələrin aparılmasına və indiyədək irəliləyişlərin əldə edilməməsinə baxmayaraq, məhz COP29-da bununla əlaqədar müvafiq irəliləyişlərə nail olunub.
COP29-un əhəmiyyətinə toxunan Bolqarıstan Prezidenti bu tədbirin mükəmməl səviyyədə təşkil olunduğunu vurğulanıb. Qeyd edib ki, burada əldə edilən nəticələr gələcək üçün böyük əhəmiyyət daşıyacaq.
Rumen Radev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb.
Görüşdə bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq layihələri müzakirə olunub, COP29 çərçivəsində beynəlxalq maliyyə və bank təşkilatlarının yeni maliyyə hədəfi ilə bağlı verdiyi açıqlamaların ciddi ümidlər vəd etdiyi bildirilib.
Bizim.Media