Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Bizim.Media xəbər verir ki, dövlət başçısı Prezident Aleksandr Lukaşenkonun dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti vurğulayıb ki, COP29-a hazırlıq işlərinə az vaxtın olmasına baxmayaraq, bu işlər yüksək səviyyədə həyata keçirilib.
Aleksandr Lukaşenko Bakının gözəlliyinin bu dəfə də onda dərin təəssürat hissi yaratdığını deyib.
Söhbət zamanı ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, ümumi ticarət dövriyyəsinin 41 faiz artdığı bildirilib.
İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində, modul tipli evlərin tikintisində Belarus şirkətlərinin iştirakı məmnunluqla qeyd olunub.
Prezident İlham Əliyev Belarus tərəfindən Şuşaya hədiyyə olunan traktorlara görə Aleksandr Lukaşenkoya bir daha təşəkkürünü bildirib.
Belarus dövlətinin başçısı bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı yaşayış binaları üçün liftlərin birgə istehsalını təşkil etmək məqsədilə işlərin getdiyi vurğulanıb, Ağdam rayonunda aqroşəhərciyin salınması, kənd təsərrüfatı, maşınqayırma və sənaye sahələrində əməkdaşlıq, kənd təsərrüfatı sahəsində kadrların hazırlanması və mütəxəssislərin mübadiləsi məsələləri qeyd edilib.
Bizim.Media