İlham Əliyev Bosniya və Herseqovina rəsmiləri ilə GÖRÜŞDÜ – FOTO/VİDEO

İlham Əliyev Bosniya və Herseqovina rəsmiləri ilə GÖRÜŞDÜ – FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Bosniya və Herseqovina rəsmiləri ilə GÖRÜŞDÜ – FOTO/VİDEO

220126

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.

Bizim.Media xəbər verir ki, ölkələr arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən Denis Beçiroviç Azərbaycan Prezidentinin Sarayevoya rəsmi səfərini məmnunluqla xatırladı və Bosniya və Herseqovinanın Azərbaycan ilə qarşılıqlı səmərəli əməkdaşlığı bundan sonra da davam etdirmək əzmində olduğunu deyib.

Qonaq qeyd etdi ki, son dövrlərdə nümayəndə heyətlərinin səfərləri intensivləşib.

Denis Beçiroviç Azərbaycana parlament sədri qismində səfərini xatırladı və vurğuladı ki, həm o vaxt, həm də bu dəfə şahidi olduğu kimi ümumiyyətlə ölkəmiz böyük inkişaf yolu keçib.

O, spiker olduğu dövrdə Bosniya və Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamənin qəbul edildiyini xatırlatdı, bunun ölkələrimiz arasında dostluğun nümayişi olduğunu dedi.

Hazırkı dövrdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Denis Beçiroviç dedi ki, özü və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç bu səfər zamanı ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafı və dostluq əlaqələrini möhkəmləndirmək istəyi ilə bağlı mesajlarını bir daha çatdırırlar.

O, ölkəsinin iqtisadiyyatının müxtəlif sahələrinə Azərbaycan investiyasını cəlb etmək marağında olduqlarını bildirdi və bu baxımdan Bosniya və Herseqovinanın infrastruktur və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqla bağlı təkliflərinin olduğunu dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Denis Beçiroviç ölkəmizə səfərinin ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsi işinə də töhfə verəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirak etdiklərinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviçə minnətdarlığını ifadə etdi.

Bosniya və Herseqovinanın bizim üçün yaxın dost və tərəfdaş olduğunu, tarixi əlaqələrin mövcudluğunu vurğulayan dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında həmrəylik, qarşılılıqlı hörmət prinsipləri əsasında tərəfdaşlıq inkişaf edir.

Bosniya və Herseqovinaya səfərini və Denis Beçiroviç ilə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin uğurlu inkişafının davam etdirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Dövlət başçısı torpaqlarımızın işğal altında olduğu zaman Bosniya və Herseqovina tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi məsələsinə görə bir daha minnətdarlığını bildirdi, Bosniya və Herseqovina parlamentinin bununla bağlı qəbul etdiyi qətnaməni dostluq əlaqələrimizin nümayişi kimi qiymətləndirib.
 

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin fəal əməkdaşlıq etdiyini deyərək, siyasi əlaqələrimizin də yaxşı səviyyədə olduğunu vurğuladı. Hələ sovetlər dövründə Bakı ilə Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən dövlətimizin başçısı, o zaman Sarayevodan çoxlu sayda nümayəndə heyətlərinin ölkəmizə gəldiyini, sərginin də təşkil edildiyini məmnunluqla xatırladıb.


Söhbət zamanı Cənubi Qafqaz və Balkan regionları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bərpaolunan enerji, sərmayə və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO