“Yaxın iki ay ərzində orduya 160 minlik insanı səfərbər edə bilməsə, Ukrayna kapitulyasiyaya imza atacaq”.
Bu sözləri vəkil və Ukrayna Ordusunun veteranı Masi Nayem LB.ua-nın efirində çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Kiyevdə münaqişənin gedişi ilə bağlı ümidsizlik artır - "Bloomberg"
Onun sözlərinə görə, ukraynalılar döyüşə getmək istəmədiyindən bu həqiqəti əks etdirən cavabdır. Veteran onu da əlavə edib ki, cəbhə xəttində olan Ukrayna ordusunun əsgərləri bir neçə ildir xidmətdə olduqlarından tamamilə ruhdan düşüblər.
Xatırladaq ki, sentyabr ayında Böyük Britaniyadan olan ekspert Aleksandr Merkuris də yaxın həftələr və ya aylar ərzində Zelenski hökumətinin öz məğlubiyyətini etiraf edə biləcəyini istisna etməyib.
Ukraynanı nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, ukraynalı hərbçi Masi Nayemin səsləndirdiyi fikirlər əslində yenilik deyil:
“Sadəcə, vaxt məsələsi bir qədər qeyri-müəyyəndir. Müharibə başlayan ilk gündən Ukrayna ordusunun canlı qüvvə, peşəkar hərbçilər sarıdan ciddi problemlərinin olduğu və kollektiv Qərbin bu tələbatı təmin etmədiyini dəfələrlə söyləmişik. Bu gün də həmin mövqedəyəm”.
Həmsöhbətimiz hesab edir ki, artıq Zelenskinin siyasi fiqur olaraq sıradan çıxarılması ilə bağlı siyasi qərar verilib:
“ABŞ da Zelenski kartının effektiv olmadığı qənaətinə gəlib. Onlar düşünürdü ki, Maydan hərəkatından sonra Ukraynanı tamamilə Rusiyadan ayıra biləcəklər. Lakin görünən odur ki, onlar Rusiyanın Ukraynaya hərbi qüvvə yerədəcəyini düşünməyiblər. Sonrakı mərhələdə isə bu barədə düşünmək artıq gec idi”.
Ekspert düşünür ki, Ukrayna ordusunun əsas problemi adekvat müharibə apara bilməməsidir:
“Cəbhə xətti olduqca böyükdür, təxminən 2 min km-ə çatır. Bu cəbhə xəttində canlı qüvvə və silahlarla təmin olunma Ukrayna üçün ciddi problemdir. Əslində, son bir il ərzində Ukrayna faktiki olaraq “saman çöpündən yapışaraq” mübarizə aparır. Bir sözlə, ukraynalı şəxsin səsləndirdiyi həmin fikirlər həqiqətə uyğundur. Amma kapitulyasiyanın tarixilə bağlı konkret nəsə demək bir qədər çətindir. “İki ay sonra” qeyri-müəyyən tarixdir”.
Rüfət Sultan, Bizim.Media