Xəbər verdiyimiz kimi 2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə edib, növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.
Bizim.Media