Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfərə yola düşüb.
Bizim.Media "Report"a istinadən xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi 2024-cü il oktyabrın 27-də Özbəkistan Ali Məclisinə keçiriləcək seçkiləri izləməkdir.
Səfər proqramına uyğun olaraq, MSK sədrinin Özbəkistanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılması planlaşdırılır.
Qeyd edək ki, MSK Özbəkistan Ali Məclisinə seçkilərin müşahidəsində müxtəlif beynəlxalq təşkilatlarda da təmsil olunur. Belə ki, Komissiyanın digər təmsilçiləri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də sözügedən seçkilərin izlənilməsinə qatılıblar.
MSK-nın nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.
Bizim.Media