İrandan Ermənistana XƏBƏRDARLIQ – Tehran “qırmızı xət”lərini kimin pozduğunu anlamağa BAŞLAYIR

İrandan Ermənistana XƏBƏRDARLIQ – Tehran “qırmızı xət”lərini kimin pozduğunu anlamağa BAŞLAYIR

Hazırda oxunan: İrandan Ermənistana XƏBƏRDARLIQ – Tehran “qırmızı xət”lərini kimin pozduğunu anlamağa BAŞLAYIR

215588

Deyəsən, İran artıq Ermənistanı təhdid etməyə başlayır. Belə ki, ermənipərəstliyi ilə tanınan iranlı ekspert Pouya Hüseyni erməni mediasına açıqlamasında Ermənistanı aşkar şəkildə hədələyib.

O, rus sərhədçilərin Ermənistan-İran sərhədindən 1 yanvar 2025-ci ildə tam çıxacağı və sərhədləri ermənilərin özlərinin qoruyacağı mövzusunda danışarkən bildirib ki, sərhədləri necə qorumaq Ermənistanın öz işidir və İran buna müdaxilə edə bilməz. Ancaq İranlı ekspert Rusiya kəşfiyyat orqanlarına yaxınlığı ilə tanınan “Rıbar” nəşrinin yaydığı məlumatla bağlı İranın narahatlığını da diqqətə çatdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Lavrovdan XƏBƏRDARLIQ: “İranın nüvə obyektlərinə hücum edilsə...”


Belə ki, “Rıbar” İranla sərhəddəki Zəngəzur vilayətində artıq ABŞ-ın iki kəşfiyyat manevr qrupu üçün mövqelər hazırlandığı, rus sərhədçilər getdikdən sonra amerikalıların ora yerləşəcəyi və İranın fəaliyyətini və xüsusilə də raketlərin buraxılışını izləyəcəklərini bildirib.

Jurnalistin sualına cavabında Pouya Hüseyni vurğulayıb ki, İran bütün qonşularına öz ərazilərini antiiran əməliyyatları məkanına çevirməmək barədə xəbərdarlıq edib: 

“Zəngəzurda belə bir şey olarsa, İran öz ərazilərini qorumaq üçün həmin nöqtələrə zərbə endirəcək. Bu, İranın qanuni legitim hədəfidir. Ermənistanın İranla belə bir qarşıdurmaya gedəcəyini düşünmürəm. Əgər İrəvan buna getsə, bu, şübhəsiz ki, Ermənistanın milli təhlükəsizliyinə ziddir və nəticədə hər iki ölkə üçün pis nəticələnəcək”.

Əslində, Hüseyninin bu açıqlamasına İranın Ermənistana rəsmi xəbərdarlığı kimi baxmaq olar. Belə ki, bir çox hallarda rəsmi Tehran öz mövqeyini məhz jurnalistlərin bu və ya digər məsələlərə açıqlamaları ilə çatdırır. 

Tehran axır ki, “qırmızı xət”lərinin məhz İrəvan tərəfindən pozulduğunu başa düşməyə başlayıb? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, İranlı ekspertin açıqlamasında əslində Tehran rəsmilərinin mövqeyi kimi yanaşmalıyıq: 

“Çünki İran rejimində bu cür tanınmış ekspertlərin dövlət mövqeyini bilmədən məsələyə münasibət bildirməsi inandırıcı deyil. Bu mənada Hüseyninin yanaşması da elə İran rəsmilərinin əvvəllər sərgilədiyi yanaşmadır. İranın ali dini lideri və digər rəsmiləri də bölgədən kənar güclərin bölgəyə gətirilməsinə əks mövqe sərgiləyəcəklərini bəyan ediblər. Bunu ikitərəfli görüşlərdə erməni rəsmilərin diqqətinə də çatdırıblar. 

Fransa və ABŞ qüvvələrinin Ermənistan İran sərhədinə gətirilməsi, ermənilərlə amerikan hərbi kontingentinin sərhəddə hərbi təlimlərin keçirməsi fonunda Tehran rəsmilərinin əvvəl-axır buna reaksiya verəcəkləri gözlənilən idi”. 

Deputatın fikrincə, İran bölgəyə digər kənar qüvvələri gətirən ölkənin məhz Ermənistan olduğunu nəhayət başa düşüb: 

“Hansı ki, bu da heç bir halda İranın xoşuna gəlməyəcək. İran əvvəlki dönəmlərdə İrəvanın bu hərəkətinə yumşaq münasibət bildirirdisə, indi artıq daha sərt münasibət bildirir. İrəvan anoloji siyasəti gələcəkdə də davam etdirsə, İran tərəfi sözsüz ki, bunu Ermənistanın diqqətinə daha açıq şəkildə çatdıracaq. Bölgəmiz həssas bölgədir. Müdaxilə etmək istəyən qüvvələr də çoxdur. Ona görə də kənar qüvvələrin bura müdaxiləsi sülh və sabitliyə ciddi təsir göstərə bilər”. 

“Münasibətlər daha da gərginləşə bilər”

A.Əlizadə düşünür ki, İrəvan analoji siyasəti davam etdirəcəyi təqdirdə, gələcəkdə İranla Ermənistan arasında münasibətlərdə kəskin çatlar əmələ gələcək: 

“İran bundan əvvəl Ermənistanla sərhədini özü üçün “qırmızı xətt” elan etmişdi. Nəhayət o başa düşməlidir ki, “qırmızı xətt” dediyi məqamları pozan tərəf İrəvandır. Bundan sonrakı dönəmdə Ermənistanın hazırkı hakimiyyətinin yürütdüyü siyasətin İranın maraqlarına uyğun gəlməsə, gələcəkdə bu iki dövlət arasında münasibətlərin gərginləşməsinin də şahidi ola bilərik”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO