“Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular. Halbuki Təhlükəsizlik Şurasının qətnamələri mütləq icra edilməlidir. 1993-cü ildə dörd qətnamə qəbul edilmişdir.
Kimsə 2020-ci ilə qədər onlara bir söz dedi ki, sən o torpaqları işğal etmisən, oradan çıxmalısan? Xeyr.
Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minsk qrupunun fəaliyyəti bundan ibarət idi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında çıxışı zamanı səsləndirib.
“Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın. Bax, bütün bunları biz eşitmişik, həm rəsmi çıxışlarda, həm bağlı qapılar arxasındakı təmas əsnasında. Bizim isə mövqeyimiz birmənalı, qətiyyətli idi və dəyişməz idi: bir qarış torpaq işğal altında qala bilməz!
Məsələ sülh yolu ilə həllini tapmasa, biz məsələni müharibə yolu ilə həll edəcəyik. Mənim sözlərim bütün arxivlərdə vardır.
Buna nə desələr yaxşıdır?! Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək.
Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Bu ədalətsizliyin dərəcəsinə baxın ki, bizim torpaqlarımızı Ermənistana bağışlamaq istəyən ölkələr bu münaqişənin guya həlli ilə məşğul olurdular. Amma onların əsl niyyəti bizi daim təzyiq altında saxlamaq və bu torpaqları Ermənistana bağışlamaq idi. Onların təklifləri nədən ibarət idi?
Ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə müstəqillik verilsin. Axı, bu riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?!” - deyə Dövlət başçısı bildirib.
Bizim.Media