Azərbaycan və Belarus baş nazirləri qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər - FOTO

Azərbaycan və Belarus baş nazirləri qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər - FOTO

Hazırda oxunan: Azərbaycan və Belarus baş nazirləri qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər - FOTO

214442

Oktyabrın 3-də Minskdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Bizim.Media xəbər verir ki, hökumət başçılarının məhdud tərkibdə görüşü keçirilib, daha sonra müzakirələr hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı qeyd edilib.

Bu xüsusda Belarus Prezidentinin bu ilin mayında Azərbaycana dövlət səfərinin əhəmiyyəti vurğulanıb.

Hökumət başçıları iqtisadi-ticari əməkdaşlığa dair cari məsələləri müzakirə ediblər. Bu ilin 8 ayının yekunları üzrə qarşılıqlı ticarətin həcmində artım müşahidə olunub ki, bu da 39 faiz təşkil edib. Ticarət dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminlik ifadə olunub.

Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı maraq doğuran bir sıra perspektivli istiqamətlər üzrə layihələrin hazırlanması ilə bağlı birgə qərarı çoxşaxəli qarşılıqlı fəaliyyətə mühüm təkan verib.

Bu baxımdan, iki ölkə prezidentlərinin razılaşmaları və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilir.

Bir sıra sahələrdə, o cümlədən sənaye kooperasiyası, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqroşəhərciklərin salınması, həmçinin peşə təhsili sahəsində konkret layihələrin işlənib hazırlanmasında əldə olunan uğurlardan məmnunluq ifadə olunub.

Sənaye kooperasiyası Azərbaycan-Belarus əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib, Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında uzunmüddətli uğurlu qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Hökumət başçıları aqrar sahədə əməkdaşlığın sabit inkişafını qeyd ediblər və hər iki tərəfin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü artırmağa hazır olduğunu təsdiqləyiblər.

Tərəflər nəqliyyat və tranzit sektorunda əməkdaşlığın dərinləşdirilməsini zəruri hesab ediblər.

Ənənəvi olaraq, mədəni-humanitar əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Hökumət başçıları mədəni, elmi və gənclər mübadiləsinin intensivləşdirilməsini, eləcə də təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafını təqdir ediblər.

Tərəflər, həmçinin Belarus Prezidentinin dövlət səfəri zamanı iki ölkənin bir sıra şəhərləri arasında qardaşlaşmış şəhərlər əlaqələrinin yaradılmasına dair sazişlərin imzalanmasının göstəricisi kimi regionlararası əməkdaşlığın genişləndirilməsini qeyd ediblər.

Turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib.

Əli Əsədov və Roman Qolovçenko, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı perspektivlərini müzakirə ediblər və Azərbaycan və Belarus üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.

Danışıqların yekununa dair Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, səhiyyə sahəsində əməkdaşlıq, Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi və yanğınsöndürmə avadanlığının tədarükü ilə bağlı bir sıra sənədlər imzalanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO