VII çağırış Milli Məclisin qarşısında dayanan əsas VƏZİFƏLƏR – TƏHLİL

VII çağırış Milli Məclisin qarşısında dayanan əsas VƏZİFƏLƏR – TƏHLİL

Hazırda oxunan: VII çağırış Milli Məclisin qarşısında dayanan əsas VƏZİFƏLƏR – TƏHLİL

212968

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də VII çağırış parlamentin ilk iclasında iştirak edərək, nitq söyləyib.

Azərbaycan lideri çıxışı zamanı bildirib ki, builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilib:
 

MÖVZU İLƏ BAĞLI:

Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edib - FOTO/VİDEO


Təbii ki, ölkə başçısı öz çıxışında ali qanunverici orqanın qarşısında dayanan prioritetləri də müəyyən etdi.

Bəs, yeni parlamentin əsas hədəfləri hansılardır?

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Azərbaycan Prezidentinin parlamentdəki son çıxışında qeyd etdiyi kimi 30 ilin işğalı arxada qaldı:

“İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var”. 

Bax, yeni parlament üçün əsas fəaliyyət sahələrindən biri Azərbaycanın haqq işinə qarşı duran ölkələrlə beynəlxalq platformalarda daha qətiyyətli mübarizə aparmaqdır.

Məlumdur ki, Milli Məclisin dünyanın əksər ölkələrin qanunverici orqanları ilə ortaq işçi qrupları var. Yaxın 5 ildə bu işçi qruplarının fəaliyyətini ən üst səviyyəyə qaldırmaq prioritet məsələlərdən biridir. Qarşılıqlı görüşlər və müzakirələr hesabına Azərbaycan həqiqətlərini bütün dünyanın parlamentlərinə çatdırmaq və onlarda ölkəmiz haqqında müsbət fikir formalaşdırmaq yeni seçilən deputatlarımız üçün əsas vəzifələrdən biridir.

Dünya hələ də ikili yanaşmadan əziyyət çəkir. 

İstənilən məsələyə qlobal güclərin baxışları və yanaşmaları fərqlidir. Çox təəssüf ki, ikili yanaşmadan ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Bunun da bir sıra səbəbləri var. 

Əsas səbəbsə Azərbaycanın müstəqil xarici siyasəti və qətiyyətidir. Bu bir faktdır ki, Azərbaycan hazırda regional gücdür. Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə reallaşa bilmir, hansısa qərarlar icra edilmir. Regional məsələlərdə də Azərbaycan bir qayda olaraq milli və dövlət maraqlarından çıxış edir. 

Eyni zamanda, ölkəmizin təhlükəsizliyi baxımından Azərbaycan həm də regional maraqları da müdafiə edir. Təbii ki, bu da bir çox dövlətlərin xoşuna gəlmir. Ona görə də son zamanlar Azərbaycana qarşı xarici təzyiqlərin sayı artıb. Doğrudur, bu təzyiqlər bir qayda olaraq iflasa uğrasa da, hər halda təxribatçı hərəkətlərin qarşısının alınması zaman alır.

Ona görə də yeni formalaşan parlamentin bu istiqamətdə üzərinə çox böyük iş düşür. Çünki bugünkü Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, suveren hüquqları pozulmuş Azərbaycan deyil. Bu gün Azərbaycan beynəlxalq aktorluğa iddialı bir ölkədir. Ona görə suverenliyini bərpa etmiş ölkənin parlamenti daha iddialı və döyüşkən olmalıdır. 

Bu gün biz diplomatiyada müdafiə yox, hücum siyasəti yürüdürük. 

Ona görə də deputalarımız daha ayıq-sayıq olmalı, dünyada və regionda baş verən proseslərə həssaslıqla və diqqətlə yanaşmalıdırlar. 

Prezident İlham Əliyev parlamentdəki son çıxışında dediyi kimi, ölkə qarşısında duran mühüm vəzifələr icra edilməlidir.

Bunun üçün parlamentin qarşısında dayanan vəzifələrdən biri ölkəmizin ideoloji təhlükəsizliyinə əlavə töhfələr verməkdir. Çünki Ermənistanla Azərbaycan arasında hərbi münaqişə sona çatsa da, ideoloji müharibə davam edir. Üstəlik, Ermənistanın ölkəmizə qarşı açdığı ideoloji cəbhəyə bir çox xarici dövlətlər də dəstək verir.

Ona görə də qarşı tərəfin bütün təşəbbüslərini və təxribatlarını iflasa uğratmaq üçün deputatlarımızın üzərinə də ciddi məsuliyyət düşür. 

Bundan əlavə, VII çağırış Milli Məclis əvvəlki kimi, torpaqlarımızın işğaldan azad olunmasının, məcburi köçkünlərin qayğılarının müzakirə edildiyi məkan deyil. Hazırki parlament qalib və iddialı Azərbaycanın ali qanunverici orqanıdır. Budəfəki seçkilər də əvvəlki çağırışlardan fərqli olaraq bütün suveren ərazilərimizdə keçirilib

Ona görə də VII çağırış Milli Məclisin deputatlarının bu məsuliyyəti öz üzərlərinə götürərək, diplomatik arenada maksimum fəal olmaları vacibdir.   


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO