Mayın 14-də NATO Parlament Assambleyasının (PA) yaz sessiyası öz işinə başlayıb. Sessiya çərçivəsində regional və beynəlxalq təhlükəsizliklə əlaqədar bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri və NATO PA-nın Siyasi komitəsinin üzvü Siyavuş Novruzov toplantıda çıxış edərək müzakirəyə çıxarılan ümumi məsələlərlə əlaqədar fikirlərini bildirib.
O, həmçinin postmünaqişə dövründə bölgədə təhlükəsizlik mühiti və əməkdaşlıq imkanlarından danışıb. Komitə sədri qeyd edib ki, regionda təhlükəsizlik və sülhün təmin olunması üçün iki mühüm amil xüsusi əhəmiyyət daşıyır:
MÖVZU İLƏ BAĞLI:
''Ermənilər deyir ki, müharibədə Azərbaycan tərəfdən cinlər savaşıb'' - Siyavuş Novruzov
“Bunlardan biri dövlətlərin ərazi bütövlüyünün tanınmasıdır. Azərbaycan Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü tanıdığı halda, Ermənistan əks mövqe nümayiş etdirir. Yəni, bu ölkələrin ərazi bütövlüyünü tanımır və suverenliyinə hörmət göstərmir. Sülh və təhlükəsizlik üçün zəruri olan digər məsələ isə qəbul edilmiş qətnamələrin tam və qeyd-şərtsiz yerinə yetirilməsidir.
Azərbaycan 30 ildir həllini tapmayan münaqişəni öz hərbi-siyasi gücü ilə həll etməklə uzun müddət BMT-nin kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail oldu.
Beləliklə, ölkəmiz öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə BMT-nin müvafiq qətnamələrinin icrasına nail olmaq məsələsində Azərbaycan nümunəsi yaratdı”.
Milli Məclisin komitə sədri Ermənistanın silahlandırılmasının regionda sülhə, təhlükəsizliyə ciddi təhdidlər yaratdığını və bu ölkəni cinayətkar hərəkətlərə təşviq etdiyini vurğulayıb. O qeyd edib ki, yoxsul və tənəzzülə uğramış, xarici ianələr hesabına yaşayan Ermənistana 2 milyard dollar dəyərində silahların, o cümlədən “İsgəndər-M” raketlərinin və S-300 zenit-raket komplekslərinin verilməsi aşkar reallıqdır. Ermənistan bu silahlardan istifadə etməklə müharibə cinayətləri törədib.
Təcavüzkar ölkə Azərbaycanın mülki əhalisini, xəstəxanalarını, məktəblərini, uşaq bağçalarını, çoxsaylı yaşayış məntəqələrini hədəfə alıb, nəticədə dinc sakinlər, o cümlədən uşaqlar, qadınlar və qocalar yaralanıblar və həyatlarını itiriblər.
Siyavuş Novruzov Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində yüz mindən artıq işarələnməmiş mina yerləşdiriliyini də toplantı iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, minaların yaşayış yerlərinin, xüsusən çayların, yol kəsişmələrinin və qəbiristanlıqların yaxınlığında basdırılması 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və I Əlavə Protokolun kobud şəkildə pozulması faktıdır:
“İndiyə qədər Ermənistan işğalından azad edilmiş torpaqlarda baş vermiş mina partlayışları nəticəsində 12-si mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı həlak olub, eyni zamanda, 17-si mülki şəxs olmaqla 85 vətəndaş ağır yaralanıb”.
Parlamentari qeyd edib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməməsi aşkar müharibə cinayətidir.
O, dünya ictimaiyyəti, o cümlədən beynəlxalq təşkilatlar və NATO Parlament Assambleyası tərəfindən bu məsələ ilə əlaqədar Azərbaycana dəstək, Ermənistana isə təzyiq göstərilməsinin vacib olduğunu beynəlxalq toplantı iştirakçılarının nəzərinə çatdırıb.
Bizim.Media