Artıq 11-ci aydır ki, İsrail HƏMAS-a qarşı Qəzzada müharibə aparır. Bu müddət ərzində Netanyahu hökuməti Qəzzanın əksər ərazisini nəzarət altına alsa da, İsrailin tam qələbəsindən danışmaq olmaz. HƏMAS hələ də mübarizəni davam etdirir.
Bundan əlavə, Netanyahu hökuməti müharibənin ağırlığını şimala, Livanla sərhədə keçirməyi düşünür.
MÖVZU İLƏ BAĞLI:
Livanda Hizbullah-a məxsus rabitə cihazları partladıldı, 200-dən çox yaralı var - VİDEO
BMT Baş Assambleyasının sentyabrın 18-də İsraildən işğal olunmuş Fələstin ərazisini tərk etməyi tələb edən qətnaməsi belə vəziyyətə müsbət təsir etməyib.
Bütün bunlar onu göstərir ki, beynəlxalq təşkilat və dövlətlərin atəşkəs, sülh çağırışlarına rəğmən Netanyahu hələ də müharibənin davam etdirilməsində maraqlıdır.
Görəsən, Netanyahunun müharibə siyasəti nə ilə yekunlaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, “Hizbullah” Livanda, HƏMAS Qəzzada, Husilər Yəməndə qaldıqca İsrailin bu ölkələrlə münasibətlərinin yaxşılığa doğru kökündən dəyişəcəyini gözləmir:
“İsrail dövləti, özəlliklə də Netanyahunun hakimiyyəti dövründə xaricdəki antiisrail dairələrinə qarşı hücumları daha da gücləndirib. Bunun nəticəsində İsrailə qarşı olan qüvvələrin bir çoxunun Təl-Əvivin hərtərəfli müdafiə taktikası ilə üz-üzə qaldığını görürük. Təl-Əvivin hər bir sahədə antiisrail qüvvələrə qarşı həyata keçirdiyi əməliyyatlar özüliklə də Netanyahunun hakimiyyətə qayıdışından sonra daha da kəskinləşib.
İsrail bu gün həm hərbi sahədə öz düşmənlərinə qarşı döyüş əməliyyatlarını davam etdirir, həm də Livanda həyata keçirilən peycerlər məsələsi də göstərir ki, Təl-Əviv İKT, süni intelekt sahəsində də hücumlarını daha da gücləndirib. İsrailin belə çoxtaktikalı hərbi strategiyası insan itkilərinin sayını artırır.
Bunun nəticəsində İsrailə qarşı təzyiqlər də artıb.
Lakin təzyiqlərə baxmayaraq, region “qaynar qazan” olaraq qalmaqda davam edir. “Hizbullah” Livanda, HƏMAS Qəzza bölgəsində və Husilər Yəməndə qaldıqca İsrailin bu ölkələr və coğrafiyalarla münasibətlərini yaxşılığa doğru kökündən dəyişəcəyini gözləmək qəlizdir. Netanyahu da anlayır ki, İsrailin müharibə apardığı qüvvələrlə kiçik anlaşmaları olsa da, onlar uzun müddətli olmayacaq. Bu anlaşmaların gələcəyilə bağlı şübhələr mövcuddur. Ona görə də bu sahədə nələrin ediləcəyi, hansı məqamlarda anlaşıla biləcəklərilə bağlı aydın, dəqiq mövqelər yoxdur. Belə vəziyyət isə bölgədə durumun gərgin olaraq qalmasına şərait yaradır”.
Rüfət Sultan, Bizim.Media