Xəbər verdiyimiz kimi, ReAL Partiyasının sədri İlqar Məmmədov sədrlikdən istefa verib.
“MSK bu gün təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd edib. Nəticə etibarilə, ötən il söz verdiyim kimi, ReAL partiyasının lideri vəzifəsindən istefa verdim”, - deyə İ.Məmmədov bildirib.
Qeyd edək ki o, növbədənkənar parlament seçkilərindən əvvəl bu seçkilərin onun üçün son seçki olacağını bildirmişdi.
MÖVZU İLƏ BAĞLI:
Məğlub olan partiya sədrləri istefa verəcəklər? – SORĞU
Yaranmış vəziyyət ReAL Partiyasının yeni sədrinin seçilməsini vacib edir.
Görəsən, partiyanın yeni sədri kim olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli bildirir ki, Siyasi Komitə məsləhət bilsə, sədrliyə öz namizədliyini verəcək:
"Bu gün REAL Partiyasının İdarə Heyətinin Siyasi Komitəsinin toplantısı keçiriləcək. İclasda İlqar Məmmədovun partiyanın sədrliyindən istefası müzakirə olunacaq. Güman edirəm ki, onun istefası qəbul olunacaq.
Yeni sədrin kim olacağına da partiyanın Siyasi Komitəsində baxılacaq. Partiyamızda sədr Siyasi Komitədə seçilir. Siyasi Komitənin özünü isə qurultay seçir. Partiyanın yeganə səlahiyyətli orqanı Siyasi Komitədir. Yəni hər şey Siyasi Komitənin qərarından asılı olacaq. Bu mənada Siyasi Komitə məsləhət görsə, özüm də namizəd ola bilərəm. Amma bununla bağlı qərar Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı qərarından sonra veriləcək”.
Rüfət Sultan, Bizim.Media