Qərbdən əli üzülən Zelenski ANDINI POZUR – Ukrayna lideri Rusiya ilə masaya OTURACAQ?

Qərbdən əli üzülən Zelenski ANDINI POZUR – Ukrayna lideri Rusiya ilə masaya OTURACAQ?

Hazırda oxunan: Qərbdən əli üzülən Zelenski ANDINI POZUR – Ukrayna lideri Rusiya ilə masaya OTURACAQ?

210284

Ukrayna prezidenti Volodimir Zelenski həm andını, həm də qanunu pozur. Çünki o söz vermişdi ki, müharibədə qəti qələbə əldə olunanmaya qədər Rusiya ilə hər hansı bir danışıq olmayacaq. Üstəlik, Rusiya ilə hər hansı bir sülh danışığından söhbət açanlar Ukraynada məsuliyyətə cəlb olunurlar. 

Amma nə oldusa, Zelenski birdən-birə fikrini dəyişdi.

O, vədini və qanunu pozaraq Rusiya hakimiyyəti ilə danışıqlar masasına oturmağa hazır olduğunu bildirib. “NBC News” telekanalına müsahibəsində Ukrayna prezidenti deyib ki, Ukraynada sülh üzrə ikinci sammitdə Rusiya tərəfinin nümayəndələri də mütləq təmsil olunmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Kurska hücumun məqsədini AÇIQLADI – VİDEO


O əlavə edib ki, ölkəsi tərəfdaşları ilə birlikdə müharibənin başa çatması üçün detallı bir plan hazırlayır:

“Biz Putinin səbəb olduğu böhranların hər biri üzrə ətraflı müzakirələr aparırıq. Onu ikinci sammitdə təqdim edəcəyik. Başa düşürük ki, Rusiya tərəfinin iştirakı olmadan müharibəni diplomatik yolla başa çatdırmaq çox çətin olacaq. Rusiyanın ikinci zirvə görüşündə təmsil olunmasını bizdən tərəfdaşlarımız istəyib”.

Nəzərə alaq ki, 15-16 iyun tarixlərində İsveçrənin mərkəzindəki Bürgenstok kurortunda “Qlobal sülh sammiti” keçirilmişdi.

Bu konfransla bağlı Zelenski xeyli müddət əvvəl bütün dünya dövlətlərinə müraciət etmişdi. Müraciət olunanlar arasında G7, G20 və BRICS ölkələri də vardı. Ümumilikdə, dəvətlilər siyahısında dünyanın 120 ölkəsindən 160 nümayəndə heyəti vardı. Lakin İsveçrədə baş tutan görüşdə 80-dən artıq ölkənin təmsilçiləri iştirak etmişdi. 

Maraqlıdır ki, sammitə qatılmayan ölkələr arasında Çin, Braziliya, Səudiyyə Ərəbistanı və digər böyük dövlətlər vardı. Bundan əlavə, iştirakçı ölkələrin bir çoxu sammitə ikinci heyətlə qatıldı. Məsələn, ABŞ prezidenti Co Baydeni bu sammitdə vitse-prezident Kamala Harris və Amerika liderinin müşaviri Ceyk Sallivan təmsil etdi. 

Ümumilikdə isə sammit maraqsız keçdi. Çünki sammitin adı sülh olsa da, bu tədbirdə müharibədəki qarşı tərəf iştirak etmirdi. Ona görə də bir sıra dövlət liderləri tədbirə qatılmaq istəmədi. Bu azmış kimi Ukrayna münaqişəsi ilə bağlı Braziliya və Çin alternativ sülh konfransının keçirilməsini təklif etdilər. Onlar belə hesab edirdilər ki, Moskvasız keçirilən istənilən diplomatik forum sülh gətirməyəcək. 

Braziliya və Çinin dediyi oldu. 

Nəzərə alaq ki, Ukrayna prezidenti hər zaman sülhdən danışsa da, heç vaxt bu məsələdə Rusiyanı qarşı tərəf kimi görməyib. Əvəzində isə sülh çağırışları ilə Rusiyaya qarşı daha böyük koalisiya yaratmağa çalışıb. Əslində isə Zelenski bütün çağırışlarının sonu maliyyə yardımı istəməklə yekunlaşıb. Məhz bu səbəbdən Braziliya, Çin, Səudiyyə Ərəbistanı və bir sıra ölkələr Zelenskinin son konfransına qatılmadı.  

Zelenski niyə fikrindən döndü?

Ukrayna lideri reallıqlarla barışmaq məcburiyyətindədir. Çünki artıq Qərb Ukraynaya lazım olan dəstəyi vermir. Ona görə də münaqişədə rəsmi Kiyev əsaslı uğur qazana bilmir. Hətta Kursk əməliyyatı da müharibədə dönüş yaratmadı. Üstəlik, Avropa İttifaqı avqust ayı üçün Ukraynaya vəd olunan 6 milyard dollarlıq maliyyə yardımını göstərmədi. Məhz bu və digər səbəblərə görə Zelenski ikinci "Qlobal sülh sammit"də Rusiyanın iştirakını vacib sayır.

Rusiya danışıqlardan boyun qaçırır..

Zelenskinin cəhdlərinə rəğmən rəsmi Moskva Ukrayna ilə sülh danışıqlarından imtina edir. Çünki Rusiya danışıqlar üçün Zelenskini qarşı tərəf kimi  görmür. Putin hesab edir ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin 25 mayında başa çatıb və onun bugünkü fəaliyyəti qeyri-legitimdir. 

Üstəlik, Ukraynanın Kursk vilayətinə təcavüzündən sonra Rusiya daha inadkar olub və hazırda rəsmi Moskvanın gündəmində hansısa sülh danışıqları yoxdur. 

Zelenski bu dəfə Qərbə yox, Şərqə üz tutur

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı ikinci Ukrayna Sülh Sammitinin “Qlobal Cənub” ölkələrində keçirilməsinin daha məqsədəuyğun olduğunu və bununla bağlı Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərlə əlaqə saxladıqlarını bildirib:

“Rusiya-Ukrayna müharibəsi ilə bağlı ikinci Ukrayna Sülh Sammitinin “Qlobal Cənub” ölkələrində keçirilməsinin daha məqsədəuyğun olduğunu düşünürük. Hindistanın da sammitə ev sahibliyi edə bilər. Ancaq açıq şəkildə bildirmək istərdim ki, bu vəziyyət təkcə Hindistana deyil, ikinci sammitə müsbət yanaşan hər kəsə aiddir''.

Bu da onu göstərir ki, Zelenski Qərbdən ümidlərini tamamillə üzüb və münaqişəni ən qısa zamanda bitirmək üçün etibarlı vasitəçi axtarır. Maraqlıdır ki, Ukrayna lideri sülhdən danışarkən daha əvvəlki kimi ilkin şərtlər irəli sürmür.


İndiki vəziyyət və təklif olunan variantlar onu göstərir ki, Zelenski “həccə” getmək istəyir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO