İlham Əliyevin İtaliyaya səfərinin STRATEJİ ƏHƏMİYYƏTİ – İtalyan politoloqla EKSKLÜZİV MÜSAHİBƏ

İlham Əliyevin İtaliyaya səfərinin STRATEJİ ƏHƏMİYYƏTİ – İtalyan politoloqla EKSKLÜZİV MÜSAHİBƏ

Hazırda oxunan: İlham Əliyevin İtaliyaya səfərinin STRATEJİ ƏHƏMİYYƏTİ – İtalyan politoloqla EKSKLÜZİV MÜSAHİBƏ

210064

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfər edib.

Ölkə başçılarının bu gün görüşü planlaşdırılır. Görüşdə iki ölkə arasındakı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqların aparılması nəzərdə tutulub.

Ümumilikdə isə İtaliya Azərbaycan münasibətlərinin inkişaf dinamikası yüksəkdir və iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfər edib - FOTO/VİDEO


Azərbaycan İtaliya münasibətləri ilə bağlı Bizim.Media-ya müsahibə verən Aralıq dənizi geosiyasəti üzrə ekspert Dominiko Letisiya ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə ehtiyac olduğunu bildirib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Letisiya, bu gün Azərbaycan-İtaliya əlaqələri çox yaxşı inkişaf edib. İqtisadi əlaqələr baxımından dostluq münasibətləri möhkəmlənib. Azərbaycan-İtaliya dostluğunu necə qiymətləndirirsiniz?

- İtaliya daha çox şey edə bilər. İtaliya ilə Azərbaycan arasındakı dostluq bütün Avropa üçün də çox önəmlidir. Azərbaycan Prezidentinin İtaliyaya son səfəri iki ölkə arasında dərin əməkdaşlığın təzahürüdür. Enerji resurslarının şaxələndirilməsi təkcə İtaliya və Azərbaycan üçün deyil, bütün Avropa qitəsi üçün iqtisadi və elmi əməkdaşlığın sütunlarını təmsil edir. Əlaqələr çox güclüdür və Azərbaycanın İtaliyadakı səfirliyinin işi həqiqətən də nüfuzludur. Enerji, mədəniyyət, infrastruktur, həmçinin kənd təsərrüfatı sahələri ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün mühüm imkanlar yarada bilər. Bakı Qafqaz və Mərkəzi Asiyaya açılan mühüm qapıdır və bu geosiyasi faktor İtaliya siyasəti üçün mərkəzi elementi təmsil etməlidir.

- Azərbaycan torpaqları işğal olunanda İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirirdi. Yenə də bu siyasət davam edir. İtaliya bundan sonra da Azərbaycanın yanında olacaqmı?

-  2023-cü ilin sentyabrında Azərbaycan ordusu qısamüddətli müharibə ilə Qarabağı yenidən azad etdi. 2024-cü il yanvarın 1-də isə Azərbaycanın ərazisi olan, lakin bir neçə ay əvvələ qədər erməni separatçıları tərəfindən idarə olunan separatçı və hüquqi qüvvəsi olmayan qondarma “Dağlıq Qarabağ respublikası” rəsmən ləğv edildi. İndi Azərbaycan hökuməti “Böyük Qayıdış” adlanan əməliyyatla Qarabağın əhalisinin yenidən artırılmasını təşviq edir. Hökumət öz vətəndaşlarının regiona və sərhədyanı rayonlara köçməsinə kömək edir. Azərbaycan ərazini yenidən qurur və əhaliyə infrastruktur, mobillik və yeni davamlı və müasir şəhərsalma imkanlarını yaratmaqla kömək edir. Bu ssenaridə İtaliya daşınmaz əmlak şirkətləri böyük rol oynaya bilər və oynayırlar. Yenidənqurma dövrüdür və Azərbaycan İtaliyanın köməyini alqışlayır. İtaliya beynəlxalq hüququn suverenliyini tanıyır və yurisprudensiyaya görə bura Azərbaycanın ərazisidir.

- Ötən il TAP kəməri ilə İtaliyaya təxminən 10 milyard kubmetr qaz ixrac edilib ki, bu da Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinə verdiyi töhfənin təzahürüdür. Yeni iqtisadi əlaqələrin qurulmasına ehtiyac varmı?

- İtaliya və Azərbaycan enerji təhlükəsizliyi və iqtisadi-kommersiya əlaqələri baxımından iki strateji tərəfdaşdır. Bizi həm də gərgin siyasi dialoq birləşdirir. Bununla belə, İtaliya-Azərbaycan tərəfdaşlığının yalnız enerji əməkdaşlığı sahəsi ilə məhdudlaşdığına inanmaq düzgün deyil, çünki iki ölkə ticarətdən tutmuş mədəniyyətə qədər saysız-hesabsız sektorlarda fəal və faydalı əməkdaşlıq edir. Bu baxımdan, İtaliya Respublika Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana dövlət səfərini xatırlada bilərik. 

- İtaliya ilə Azərbaycan arasında viza rejimi mövcuddur. Necə düşünürsünüz, iki ölkə arasında viza rejimi ləğv edilə bilərmi?

- Ümid edirəm ki, İtaliya və Azərbaycan da bürokratik baxımdan yaxınlaşa bilər. Vizaların ləğvi Azərbaycanı bütün italyanlara tanıtmaq üçün uğurlu bir model ola bilər.

- Təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO