Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurasının müşahidə missiyasının rəhbəri Aleksandr Terentyev ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə M.Pənahov seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçinin qoşulduğunu, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kameralar quraşdırıldığını diqqətə çatdırıb.
MSK sədrinin sözlərinə görə, parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. O bildirib ki, budəfəki seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib.
Milli Məclisə seçkilərin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçiriləcəyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirən MSK sədri deyib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Müşahidə missiyasının rəhbəri Aleksandr Terentyev öz növbəsində MSK-dakı səmimi görüşə görə təşəkkürünü bildirib, Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirakdan məmnun olduğunu qeyd edərək prosesləri fəal şəkildə izləyəcəyini vurğulayıb. Bu seçkinin Azərbaycan üçün çox vacib proses olduğunu bildirən qonaq qeyd edib ki, ilk dəfədir növbədənkənar parlament seçkiləri ölkənin bütün suveren ərazilərində keçiriləcək.
A.Terentyev insanların seçki prosesi ilə bağlı yüksək əhvali-ruhiyyədə olduğunu müşahidə etdiyini diqqətə çatdırıb.
Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:08 / 31.08.2024
Aleksandr Terentyev: “Parlament seçkiləri Azərbaycan üçün çox vacib prosesdir” - FOTO/VİDEO
Hazırda oxunan: Aleksandr Terentyev: “Parlament seçkiləri Azərbaycan üçün çox vacib prosesdir” - FOTO/VİDEO
Hazırda oxunan: Aleksandr Terentyev: “Parlament seçkiləri Azərbaycan üçün çox vacib prosesdir” - FOTO/VİDEO
209280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.