Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib - FOTO

Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib - FOTO

Hazırda oxunan: Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib - FOTO

208537

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla söhbət edib, onların təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, şəkillər çəkdiriblər.

Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyib, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar.

Xəzərin sahilində yerləşən “Dalğa Beach” istirahət məkanında təşkil olunan tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olub, onlarla birgə rəsm çəkiblər. Uşaqlar çəkdikləri rəsm nümunələrini Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Tədbir zamanı Mehriban xanım Əliyeva bu gün doğum günlərini qeyd edən şəhid övladları və uşaq evinin sakinləri ilə də görüşüb, onları təbrik edib.

İnteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyiblər.

2 saylı uşaq evinin 9 yaşlı sakini Rəvanə Cümşüdova şənliyin çox maraqlı keçdiyini bildirərək deyib: “Bura çox maraqlıdır, çoxlu yeni dost qazandım. Hər kəsə təşəkkür edirəm”.

1 saylı uşaq evinin sakini, 8 yaşlı Dinara İsgəndərova Lənkərandan Bakıya gəldiyini vurğulayaraq bildirib: “Şənliyə bacımla birlikdə qatılmışıq. Əziz və dəyərli Mehriban xanım, dəstəyiniz üçün təşəkkür edirik”.

2 saylı uşaq evi sosial xidmət müəssisəsinin sakini Ayxan İbrahimov da təəssüratlarını bölüşərək qeyd edib: “Bu gün mənim üçün çox xoş oldu, uşaqlarla çox əyləndik. Təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm. Mən 6-cı sinifdə oxuyuram. Böyüyəndə karate üzrə çempion, həmçinin idman müəllimi olmaq istəyirəm”.

Əkiz qardaşlar - 8 yaşlı Behbud və Davud İsmayılzadələr yaxşı əyləndiklərini vurğulayıblar. Riyaziyyat və təsviri incəsənəti sevərək öyrəndiklərini deyən əkizlər burada maraqlı rəsmlər çəkdiklərini bildiriblər.

İsti yay günündə uşaqlar hovuzda doyunca əylənib, animatorların iştirakı ilə rəqs edib, rəsm, oyun, “Face Art” və səmərəli istirahətləri üçün ayrılmış digər zonalarda müxtəlif əyləncələrə qoşulub, bacarıqlarını nümayiş etdiriblər.

Uşaqlar birgə nahar süfrəsi arxasında növbəti sevincli anlar yaşayıblar.

Birinci xanım Mehriban Əliyeva bu gün doğum günü olan uşaqlar üçün tort kəsərək onlara təqdim edib.

Balacaların sevimli qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında unudulmaz həyəcan hissləri doğurub. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.

Tədbirlərin yekununda unudulmaz istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO