Ukrayna Kurska hücumla nəyə nail olmağa çalışır? - Oleksiy Buryaçenko ilə MÜSAHİBƏ

Ukrayna Kurska hücumla nəyə nail olmağa çalışır? - Oleksiy Buryaçenko ilə MÜSAHİBƏ

Hazırda oxunan: Ukrayna Kurska hücumla nəyə nail olmağa çalışır? - Oleksiy Buryaçenko ilə MÜSAHİBƏ

208450

“Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə keçmişin gələcəklə müharibəsidir”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Ukrayna siyasi elmlər namizədi, politoloq Oleksiy Buryaçenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna dronu Saratovda yaşayış binasına çırpıldı - VİDEO


Hazırda Rusiya-Ukrayna arasında gərginliyin artmasını, Ukraynanın Rusiya ərazilərinə hücumları şərh edən politoloq, Ukraynanın qələbə qazanana qədər prosesi davam etdirəcəyini bildirib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Buryaçenko, öncə sizi Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz neçə ildir dünya siyasətində iki yaxın ölkənin müharibəsini izləyirik. Rusiya-Ukrayna arasındakı gərginliyi necə şərh edirsiz?

- Təşəkkür edirəm. Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə keçmişin gələcəklə müharibəsidir. Bəli, bu bir qədər romantik görünə bilər, amma belə cəsarətli addımları yalnız romantiklər həyata keçirə bilər, praqmatiklər isə heç vaxt belə qərar verməzlər. Üstəlik, Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibə, İkinci Dünya Müharibəsi dövrünün köhnəlmiş modernist düşüncə tərzinin postmodernist qlobal müasir düşüncə tərzi ilə qarşıdurmasıdır.

- Biz hazırda görürük ki, Ukrayna Rusiya ərazisinə hücum edir. Bununla da müharibənin seyri xeyli dəyişir. Bir yandan sülh çağırışları, digər yandan hücumlar. Zelenskinin sülh formulu budur?

- Müharibə yalnız döyüş meydanında deyil, həm də informasiya, texnologiya, geosiyasi və iqtisadi sahələrdə baş verir və müasir texnologiyaları nəzərə alsaq, həmişə Goliatın (İngilislərin “David and Goliath” əsərindən bənzətmə) zəif nöqtəsini tapıb, gözlənilməz addımlar atmaq mümkündür. Müharibəni işğalçı ölkənin ərazisinə daşımaq simmetrik və ədalətli cavabdır. Razılaşın ki, müharibə yalnız hücum edilən ölkənin ərazisində aparılmalı deyil, həm də Rusiya Federasiyası vətəndaşları Putinin Ukraynaya qarşı heç bir səbəb olmadan etdiyi təcavüzün nəticələrini öz üzərində hiss etməlidirlər. 

Bu kontekstdə, Volodimir Zelenskinin sülh formulunu nəzərə alaraq, bunun müharibənin ədalətli şəkildə başa çatmasının amillərindən biri olacağına dərindən inanıram. Ruslar üçün hədsiz azadlıq hissi bir dəfəlik yox olmalıdır. Müharibənin Rusiya ərazisinə keçməsi, müharibənin ikitərəfli olduğunu göstərən ilk parlaq nümunədir. 

- Ukrayna niyə Kurska hücum etdi?

- Kursk vilayətindəki cəsur və riskli xüsusi əməliyyat faktiki olaraq “geosiyasi şahmat taxtasını” çevirdi və bütün dünya mediasının diqqətini Ukraynaya çəkdi. Çünki keçmiş və gələcək arasında bu prinsipial qarşıdurma böyük ehtimalla dünyanın gələcək taleyini müəyyən edəcək. Ukrayna hamıya göstərir ki, Rusiya Federasiyasından və Kremlin qırmızı xətlərindən qorxmaq lazım deyil, ən yaxşısı onların gücünü özlərinə qarşı istifadə etməkdir.

- Ukrayna ordusunun Rusiya ilə müqayisədəki güc nisbətini də nəzərə almalıyıq. Belə bir qeyri-bərabərlikdə Rusiya Ukraynaya qarşı sərt cavab tədbirləri görə bilərmi?

- Ukrayna hərbi-sənaye kompleksinin inkişafının texnoloji komponentini nəzərə alsaq, burada da diqqət asimmetrik döyüş vasitələrinə yönəlib. Çünki Rusiya Federasiyası ilə tanklar və digər konvensional silahların sayı ilə rəqabət aparmaq tamamilə qeyri-realdır. Deməli, düşmənin hazır olmadığı, tamamilə fərqli bir metoddan istifadə etmək lazımdır. Bu metod ucuz və kütləvi olmalıdır. Söhbət təbii ki, pilotsuz uçuş aparatlarından gedir. Onların bu müharibədəki rolunu qiymətləndirməmək mümkün deyil. 

Bu modelə Ukrayna, müharibənin ilk günlərində rusların "qorxulu yuxusu" olan Türk “Bayraktar”larının istifadəsi ilə start verdi. Amma indi həm uzaq mənzilli kamikadze pilotsuz təyyarələrin, həm də dronların, demək olar ki, hamısı Ukraynada istehsal olunur. Üstəlik, dəniz dronlarının inkişafı və effektiv istifadəsi dünyanı təəccübləndirdi və dənizdə "oyun qaydalarını" dəyişdi.

- Ukraynanın Rusiyaya hücumu üçün bir növ Qərbdən “icazə” olmalıdır. Yəqin ki, bu fikirlərlə razılaşarsız. Rusiyaya hücum üçün sözügedən “icazə” verilibmi?

- Döyüş meydanında Ukraynanın tətbiq etdiyi yeni asimmetrik reallıqların nəticəsi olaraq, Rusiya Federasiyası demək olar ki, öz ənənəvi güclü tərəflərindən istifadə etməyi dayandırdı - bunlar tanklar, zirehli texnika, təyyarələr, helikopterlər və gəmilərdir. Axı, dron və tank itkisi arasındakı nisbət hətta Rusiya Federasiyası üçün də müqayisəedilməz oldu. 

Bununla yanaşı, qeyd etmək lazımdır ki, hərbi paradiqmanın belə dəyişməsi Rusiya Federasiyasını “ətçəkən maşın” taktikasından və Ukrayna dinc şəhərlərinə qarşı idarə olunmayan hava bombaları kimi daha qeyri-insani alətlərdən istifadə etməyə məcbur edib. Bu hərəkətlər əsasən Kursk vilayətində "sanitar zona"nın yaradılmasına gətirib çıxardı. Hələ ki, Qərb tərəfdaşları Rusiya Federasiyasının dərinliklərində hərbi hədəfləri qabaqlayıcı şəkildə vurmağa siyasi icazə verməklə bağlı tərəddüd edirlər.

- Kurskdakı hərbi əməliyyatlar zamanı sivil əhaliyə qarşı rəftar necədir?

- Baş komandan Sırskinin məlumatına görə, Ukrayna hazırda Kursk vilayətində təxminən 100 yaşayış məntəqəsinə nəzarət edir və təcili yardıma ehtiyacı olan Rusiya Federasiyası vətəndaşlarına humanitar yardım göstərmək üçün hərbi komendantlıq yaradılıb. Bu, çox humanist bir yanaşmadır. Rusiyanın Ukrayna şəhərlərini, məsələn, Buça, Qostomel və İrpeni işğal edəndə hansı əməllər törətdiklərini xatırlayırsınız. Bu tamamilə soyqırımı idi.

- Hazırda sülh üçün ümid varmı?

- Ukraynanın sülh şərtləri artıq Vladimir Zelenskinin “sülh formulu”nda müəyyən edilib, bu da BMT, Aİ, NATO və G7 səviyyəsində tanınmış yeganə sülh təşəbbüsüdür. İndi ikinci "Sülh Sammiti"nə qədər onun tətbiqi üçün yol xəritəsi hazırlamaq və onu tərəfdaşlarla razılaşdırmaq, o cümlədən Rusiya Federasiyasına ultimatumun şərtlərini müəyyənləşdirmək məsələsi həll edilməlidir. Yalnız bu zaman sülh mümkündür.

- Cənab Buryaçenko, fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO