“Putinin Bakıya səfərinin əsas məqsədi ölkələrimiz arasında dostluq münasibətlərin xarakterini göstərmək, habelə Azərbaycan kimi strateji tərəfdaş və müttəfiqin Rusiya üçün əhəmiyyətini vurğulamaqdır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin Azərbaycana gəldi - VİDEO
“Putin Bakıya ona görə səfər edib ki...”
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini şərh edən Qrevtsova, bir çox məqamların müzakirə ediləcəyini qeyd edib:
“Rusiya prezidenti Vladimir Putinin iş qrafikinə nəzər salsanız, onun tez-tez ezamiyyətə getmədiyini görə bilərsiniz. Eyni zamanda Prezidentin Rusiya üçün çətin günlərdə Azərbaycana səfər etmək qərarına gəlməsi onun üçün hazırkı gündəmdəki aktual məsələlərlə bağlı İlham Əliyevin fikirlərinin nə qədər önəmli və maraqlı olduğunu göstərir. Həmin mövzuları İlham Əliyev kimi ağıll bir şəxslə müzakirə etmək də Vladimir Putin üçün prioritetdir.
Hesab edirəm ki, tərəflər ölkələrimiz arasında çox fəal və səmərəli inkişaf edən ikitərəfli əməkdaşlıqdan əlavə, ilk növbədə regional təhlükəsizlik məsələsini də müzakirə edəcəklər”, - deyə politoloq bildirib.
“Regional məsələlərin region ölkələri arasında həlli vacibdir”
Qərbin Cənubi Qafqaza müdaxiləsinin də əsas müzakirə mövzusu olacağına toxunan Daria Qrevtsova, Ermənistanın Bakı və Moskvaya qarşı münasibətinin də iki lider arasında əsas müzakirə mövzularından biri olacağını qeyd edib.
“Biz görürük ki, Qərb dövlətləri Cənubi Qafqaza necə fəal şəkildə müdaxilə etməyə çalışırlar. ABŞ və Fransanın Ermənistanı silahlandırmaq, Ermənistanı Rusiyaya, o cümlədən Azərbaycana qarşı çevirmək cəhdlərini görürük. Təbii ki, hazırda buna qarşı necə mübarizə aparılacağına dair birgə həll yollarının hazırlanması gündəmdədir.
Yəqin ki, İlham Əliyev və Vladimir Putin mövcud vəziyyəti və bunun həlli yollarını fəal şəkildə müzakirə edəcəklər. Həmçinin 3+3 formatının bərpası, bütün mübahisəli məsələlərin kənar oyunçular hesabına deyil, birbaşa regionun əsas ölkələri arasında həlli mümkündür. Həmçinin, Cənubi Qafqazda stabilliyin təmin olunmasının və Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına münasibətinin müzakirəsi də çox vacibdir”.
“Danışıqlarda beynəlxalq təşkilatlarla əlaqələr də müzakirə ediləcək”
“Dünyada yaranmış belə ağır vəziyyətlə əlaqədar olaraq, Vladimir Putin üçün İlham Əliyevin BRİKS, ŞƏT və digər assosiasiyaların fəaliyyəti ilə bağlı fikirlərini öyrənmək də maraqlı olacaq. Sanksiyalar şəraitində Azərbaycanın Rusiyanın etibarlı tərəfdaşı olması da diqqətdən kənarda qala bilməz. Təbii ki, son vaxtlar Rusiya biznesinin, rusiyalı sahibkarların Azərbaycana marağının artması məlumdur”, - deyə politoloq bildirib.
“Nəqliyyat dəhlizləri də müzakirə olunacaq”
Digər önəmli məqam isə nəqliyyat dəhlizləri ilə bağlıdır ki, Zəngəzur dəhlizinin reallaşması istiqamətində də müzakirələr davam etdirilə bilər:
“Təbii ki, qlobal layihələr, o cümlədən Şimal-Cənub marşrutu da müzakirə olunacaq. Çünki həm Azərbaycan, həm də Rusiya bu layihədə maraqlıdır. Eyni zamanda Qərb dövlətləri arasında bu layihəyə zərər vurmağa çalışanlar var. Onların bu cəhdlərinin qarşısını almaq üçün mübarizənin hansı formada aparılması da Prezidentlərin görüşündə müzakirə olunacaq. Çünki gələcəkdə regionun logistik marşrutlarına tələbat böyük olacaq. Bu layihələr həm Rusiya, həm də Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edəcək”.
Tehran Orucoğlu, Bizim.Media