Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Yuta ştatına səfəri çərçivəsində Konqresdə Senatın Prezidenti Stüart Adams, Nümayəndələr Palatasının Spikeri Brad Vilson və senator Maykl McKell ilə görüşüb.
Sfera.az xəbər verir ki, görüşlərdə ABŞ və Yuta ştatı ilə ölkəmiz arasında ikitərəfli, xüsusilə də parlamentlərarası əlaqələrin inkişafı, habelə Azərbaycanın regionda artan nüfuzu, xarici siyasət prioritetləri və iqtisadiyyat sahəsində atdığı yenilikçi addımları barədə məlumat verilib və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra səfir X.İbrahim Senat və Nümayənədələr Palatasının sessiyalarında iştirak edib. Konqresin hər iki palatasında 20 yanvar faciəsi qeyd edilib, məşum hadisənin Azərbaycan tarixindəki rolu və əhəmiyyəti, habelə ölkəmiz barədə amerikalı parlamentarilərə məlumat verilib.
Konqres Azərbaycan Respublikası ilə bağlı bəyanat qəbul edib. Sənəddə Azərbaycanın türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və qadınlara seçki hüququ verən ilk ölkələrdən olması, habelə ölkəmizdə sülh şəraitində birgə yaşayış və dinlərarası harmoniyanın ən yüksək səviyyədə təmin edilməsi, ABŞ və Yuta ştatı ilə Azərbaycan arasında sıx münasibətlərin mövcudluğu və Azərbaycanın demokratiya və iqtisadi müxtəlifliyi təşviq etməsi vurğulanıb.