Məlum olduğu kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq Mərkəzi Seçki Komissiyası tərəfindən 1030 nəfərin namizədliyi qeydə alınıb.
42 saylı Sumqayıt birinci seçki dairəsindən isə 11 nəfərin namizədliyi təsdiqlənib. Həmin namizədlərdən biri də Şəfəq Nofəl qızı Mayılovadır.
Şəfəq Mayılova Bizim.Media-ya açıqlamasında təbliğat-təşviqat prosesinin uğurla davam etdiyini bildirib:
“Namizədliyim son gündə qeydə alındığı üçün təbliğat-təşviqat prosesinə başlamağımda ləngimələr oldu, lakin hazırda yaxşı irəliləyirik. Seçicilərlə aktiv görüşlərə başlamamışam, amma platformam hazırdır, rəsmi “Facebook” və “İnstagram” səhifəsində paylaşılacaq. Bununla yanaşı, sosial mediada bir sıra işlərin görülməsi ilə bağlı hazırlıqlar davam edir. Önümüzdəki günlərdə isə seçicilərlə görüşlərə başlayacam”.
Şəfəq Mayılova sözügedən dairədə heç kimi özünə rəqib görmədiyini bildirib:
“Rəqiblərim haqqında məlumatlıyam, sadəcə 3 partiya nümayəndəsi var. Açıq desək, heç birini özümə rəqib olaraq görmürəm. Ona görə ki, əhalinin daha çox cavan kadrlara, yeni simalara ehtiyacı var. Mənim üstünlüyüm gənc olmağımdan əlavə, həm də xaricdə təhsil almağımdır. İxtisasca iqtisadçıyam və kifayət qədər hazırlıqlıyam.
Düşünürəm ki, rəqiblərimlə müqayisədə xalqa daha çox xitab edə bilirəm. Amma təbii ki, insanların təbliğat-təşviqat prosesində necə performans sərgiləyəcəklərini deyə bilmərik. Lakin istənilən halda, mən özümə güvənirəm və heç kimi rəqibim olaraq görmürəm”.
Nuranə Daxilqızı, Bizim.Media