Ermənistan yenidən ardıcıl şəkildə təxribatlara əl atır. Bu yaxınlarda İrəvan Kəlbəcər istiqamətində atəşkəsi pozmağa cəhd etdi. İyulun 25-də isə Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu gün isə növbəti təxribat xəbəri gəldi. Belə ki, ermənilər bu dəfə Laçın istiqamətində kvadrokopterlə kəşfiyyat uçuşları aparmağa cəhd göstəriblər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Laçın üzərində kəşfiyyat uçuşlarına CƏHD EDİB
Bütün bunlar ermənilərin yenidən münaqişəni qızışdırmaqda maraqlı olduqlarını ortaya qoyur. Bu hərəkətlər öz növbəsində sülh prosesinin gedişinə mənfi təsir göstərə bilər.
Ermənistan təxribatlarla nəyə nail olmağa çalışır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ermənistanın son zamanlar təxribat yönümlü hərəkətlərini yenidən çoxaltması və tirajlaması ona xaricdən verilən tapşırıqlarla bağlıdır:
“İrəvan bu tapşırıqları Parisdən, Vaşinqtondan alır. Habelə, Rusiyanın bəzi dairələri onu bu addıma sövq edir. Ancaq rəsmi Moskva bu proseslərdən uzaqdır. Çünki Bakı ilə Moskva arasında etimad mühiti möhkəmdir və daha da möhkəmlənməkdə davam edir”.
Ekspertə görə, Ermənistandan alət kimi istifadə edənlər isə bununla bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar:
“Burada söhbət təkcə Azərbaycandan getmir, onlar yeri gələndə Türkiyə və İranı da risklə üz-üzə qoyurlar. Başlıcası isə bölgədə Rusiyanın mövqeyini zəiflətmək istəyirlər”.
Politoloq qeyd edir ki, bu oyunların hamısının çanağı Ermənistanın öz başında çatlayacaq:
“Ermənistan çox ehtiyatsız davranır. Rəsmi İrəvan yenidən revanşizm eşqinə düşüb. Təxribatlar vasitəsilə də dünyaya təlqin edirlər ki, Cənubi Qafqazda yaxın tezliklə sülh olmayacaq. Belədə onlar sabitliyə şübhə ilə yanaşmağa əsas verir. Ermənilər bu yaxınlarda Kəlbəcər bölgəsində atıcı silahlardan istifadə etməklə təxribat törətdi. Tovuz bölgəsində isə kəşfiyyat əməliyyatlarına cəhd ediblər.
Bunlar ondan xəbər verir ki, Ermənistan ciddi cəhdlə müharibəyə hazırlaşır. Lakin bununla özünü ciddi risk altına qoyur. Ermənilərin ağlı olsa, kənardan onu qızışdıranlardan uzaq olar, aldanmaz. Od evin astanasını kəsdirəndə heç kim Ermənistana yiyə durmayacaq”.
Rüfət Sultan, Bizim.Media