Parlamentə qayıtmaq istəyən Xanlar Fətiyevə mandat əslində niyə lazımdır? 

Parlamentə qayıtmaq istəyən Xanlar Fətiyevə mandat əslində niyə lazımdır? 

Hazırda oxunan: Parlamentə qayıtmaq istəyən Xanlar Fətiyevə mandat əslində niyə lazımdır? 

203094

Milli Məclisə növbəti seçkilər ərəfəsində maraqlı namizədlərin ortaya çıxması diqqət çəkir. Əsas məqamlardan biri də sabiqlərin yenidən qanunverici orqana düşmək istəkləridir. Təbii ki, qanun hər kəsə seçmək və seçilmək hüququ verir, lakin namizədliyini irəli sürən sabiqlər arasında elələri var ki, onların yenidən “meydana girmək cəhdləri” narahatlığa da səbəb olur.

Çünki Qarabağ zəfərindən sonra keçiriləcək bu seçkilər Azərbaycan parlamentinin tarixində ilkdir. İlk belə seçkilərdə keçmişdə nə bu ölkəyə, nə bu xalqa heç bir xeyir verməyən, adı yalnız qalmaqallarda hallananların yenə qanunverici orqanda kürsü əldə etmək istəkləri heç də yaxşı deyil.  

44 günlük Vətən müharibəsindən sonra həm Azərbaycanda, həm regionumuzda, eləcə də dünyada yeni şərtlər yaranıb və parlamentin bu seçkilərdən sonra formalaşacaq yeni tərkibi mövcud reallıqlara adekvat olmalıdır.  

Bəs Xanlar Fətiyev kimilərlə bu reallıqlara adekvat olmaq mümkündürmü?  

Təbii ki, xeyr. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, sabiq deputat, Gəncə Futbol Federasiyasının sədri, Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev yenidən deputat olmaq istəyir.  

Məlumatlara görə, hakim partiyadan dəstək almaq üçün əlindən gələni edir də. Deyək ki, hakim partiyanın dəstəyi ilə Xanlar Fətiyev yenidən mandat əldə etdi.  

Bəs bunun parlamentə, elə onun təmsil edəcəyi seçicilərə nə xeyri olacaq?  

Xanlar Fətiyevin əvvəlki fəaliyyəti başdan ayağa minuslarla doludur. 

Xanlar Fətiyev Gəncədən deputat seçilmişdi. Seçildiyi dairədə ciddi narazılıqların olduğu haqda mediada zaman-zaman məlumatlar yayılıb. Nə parlamentin fəaliyyətinə, nə də seçicilərinin həyatına müsbət töhfələrinin olmadığı sirr deyil. Onun parlamentdəki fəaliyyəti haqda məlumatlara nəzər yetirdikdə belə demək mümkünsə, “adamın gözü qamaşır”. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini olub. Lakin Xanlar Fətiyevin dini sahədən bilikləri yox dərəcəsində idi və bu sahədə yalnız “adı gedirdi”.  

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İntizam komissiyasının üzvü olub. Parlamentdə işləyən jurnalistlər də təsdiq edir ki, İntizam komissiyasının üzvü olan Xanlar Fətiyevi parlament binzasında tapmaq müşkülə çevrilmişdi. İclaslarda nadir hallarda iştirak edərdi. 

Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Bolqarıstan, Çexiya, Çin, İraq, Koreya, Makedoniya, Moldova, Sloveniya, Tailand parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü,  MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvü olan Fətiyevin parlament fəaliyyəti “zəngin” görünsə də, bunun daha çox kağız üzərində olduğu deyilir.  

Bəli, Xanlar Fətiyev adıçəkilən bu ölkələrə tez-tez səfər edirmiş, lakin bu səfərlər heç də parlamentlərarası əlaqələrin güclənməsi üçün deyilmiş.

Oliqarx deputat kimi tanınan Xanlar Fətiyevin bəlkə də bu ölkələrdə biznesi var və onun səfərləri də adətən biznesi ilə bağlı olub.

Görünür, deputat mandatından da bu biznesini idarə etmək və qorumaq məqsədilə istifadə edirmiş. Hətta parlamentlərarası işçi qruplarının üzvü olduğu ölkələrdə yeni biznes sahələrinə də əl atıb, sərhədləri aşan biznes imperiyasını daha da genişləndirib. 

Misal üçün, Xanlar Fətiyevin Almaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü olduğu dövrdə Almaniyanın Berlin, Ştutqart kimi şəhərlərində kapitalı 3 milyon avrodan çox olan şirkət açdığı haqda məlumatlar var.

Bir müddət öncə mediada Xanlar Fətiyevin biznesi haqda araşdırma məlumatlar yayılmışdı. Bu məlumatların bəzilərini təqdim edirik: 

Xanlar Fətiyevə məxsus olan AZNUR GMBH Gəncə Avromobil Zavoduna məxsus avtomobillərin icarəsi ilə məşğuldur. Yəni Xanlar Fətiyev direktoru olduğu zavodun avtomobillərinin icarəsini də ələ keçirib. 

AZNUR GMBH 2010-cu il iyunun 15-də Charlottenburg (Berlin) ədliyyəsində nizamnamə kapitalı 25 min avro olmaqla HRB 127288 B saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Müxtəlif vaxtlarda Sona Osmanova, Murad Süleymanov, Fəxri Həsənov tərəfindən idarə olunub. Berlinin AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərir. Berlində fəaliyyət göstərən BRASIL GASTRO GMBH adlı şirkətin və eyni adlı restoranın da Fətiyevə məxsus olduğu deyilir. 

Almaniyada Fətiyevin digər şirkəti Ştuttqart şəhərində fəaliyyət göstərən AZNUR STUTTGART GMBH-dir. AZNUR şirkətinin filialları Maltada və İspaniyada da fəaliyyət göstərir. 

Xanlar Fətiyevin Belarusda da biznes fəaliyyətinin olduğu deyilir. Biri paytaxt Minskdə fəaliyyət göstərən AZNUR ZTAA (Замежнае таварыства з абмежаванай адказнасцю “АЗНУР””) şirkəti, digəri isə yenə Minskdə taksi fəaliyyəti ilə məşğul olan AZNUR TAKSİ (Прыватнае ўнітарнае прадпрыемства па аказаннi паслуг “АЗНУР Таксі”) şirkətidir. Şirkətin Moskvada da avtomobil icrəsi xidməti göstərdiyinə dair məlumatlar var. 

Xarici ölkələrdə fəaliyyət göstərən AZNUR MMC-nin ölkəmizdəki fəaliyyəti də geniş avtomobil parkları ilə əhatə olunur. 

Xanlar Fətiyevin supermarket biznesinin olduğu haqda da məlumatlar var. Ona məxsus supermarket şəbəkəsinin Bakıdan Tbilisiyə qədər uzandığı bildirilir. Fətiyev deputat olduğu dövrdə qanuna zidd olsa da, biznesindən əl çəkməyib, sadəcə kağız üzərində şirkətlərini ailə üzvlərinin adına keçirib. Reallıqda isə məhz daşıdığı deputat mandatından biznesinin qorunması və genişləndirilməsi məqsədilə istifadə edib. 

İndi Xanlar Fətiyev YAP-ın siyahısında yenidən namizədlər arasındadır. Sual yaranır:  

Xanlar Fətiyev niyə yenidən qanunverici orqana düşmək istəyir?  
 
Mandatdan biznesini qorumaq, yoxsa daha da genişləndirmək üçün istifadə etmək niyyətindədir?  

Ümumiyyətlə Zəfər Parlamenti olacaq Milli Məclisdə Xanlar Fətiyevə ehtiyac varmı? 


Xanlar Fətiyevin keçmişi və fəaliyyətləri onun parlamentdə təmsil olunmasının Milli Məclisə heç də xeyir verməyəcəyini deməyə əsas verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO