Ölkəmizdə seçki marafonu getdikcə daha da sürət götürür. Sürətlənən bu proseslər fonunda cəmiyyət yenilikçilər axtarır. Çünki bu dəfəki parlament seçkiləri həm məzmunca, həm də formaca əvvəlkilərdən fərqlənir. Əgər əvvəlki seçkilərdə deputatlar daha çox ölkənin üzləşdiyi erməni işğalına fokuslanıb, bu işğalın yaratdığı sosial-iqtisadi problemlərdən danışırdılarsa, artıq bu məsələ öz ədalətli həllini tapıb.
Bu gün Azərbaycan daha böyük hədəflərə iddialıdır.
MÖVZU İLƏ BAĞLI:
Yenidən deputat olmaq istəyənlər seçkiyə necə HAZIRLAŞIR? – SORĞU
Həmin iddialardan biri də sivilizasiyanı ciddi narahat edən qlobal iqlim dəyişikliyidir. Təsadüfi deyil ki, 2024-cü il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bundan başqa, bu ilin noyabrında BMT-nın təşəbbüsü və Azərbaycan hökumətinin təşkilatçılığı ilə Bakıda COP29 konfransı keçiriləcək. Bu da o deməkdir ki, dünyanın aparıcı dövlətləri və təşkilatları qlobal iqlim dəyişikliyini müzakirə etmək üçün Bakıya toplaşacaqlar. Göründüyü kimi, Bakı artıq qlobal çağrışların müzakirə edildiyi ən uğurlu platformalardan birinə çevrilir.
Bütün bu uğurların memarı isə Azərbaycan Prezidenti İlham Əliyevdir.
Ölkə başçısının apardığı bu uğurlu siyasətdə qanunverici orqanın nümayəndələri də bacardıqları qədər öz rollarını oynayıblar. Amma Milli Məclisə keçən çağırışda seçilən deputatlar arasında bu sahədə ixtisaslaşmış nümayəndələr olmadığı üçün qlobal iqlim dəyişikliyi ilə bağlı ölkəmizin apardığı uğurlu siyasət və onun pozitiv nəticələri barədə beynəlxalq tədbirlərdə çıxışları o qədər də nəzərə çarpmadı. Ümumiyyətlə, bu gün qanunverici orqanda birbaşa fəaliyyətini ekoloji məsələlərə həsr edən şəxslərə ehtiyac var.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafın beş əsas prioritetindən birini “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən etməsi Azərbaycanın bu istiqamətdə nə qədər istəkli olmasının təzahürüdür. Bu konsepsiyanın əsasını ətraf mühitin qorunması, yaşıllıqların artırılması və enerji mənbələrindən səmərəli istifadə edilməsi təşkil edir.
Xüsusilə, bu konsepsiyanın tərkib hissəsi olaraq, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri və Naxçıvan yaşıl enerji zonası elan edilib və bu ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir.
Ona görə də lazımdır ki, yeni formalaşacaq parlamentdə də bu siyasətə hüquqi dəstək verən deputatlar olsun. Yeni çağırışlara cavab verən qanunvericilik təşəbbüsləri irəli sürülsün.
Avropa Parlamentində Yaşıllar Hərəkatı
Nəzərə alaq ki, bütün dünyada və Avropada ən nüfuzlu deputatlar məhz yaşıllar hərəkatının üzvləridir. Məsələn, son seçkilərin nəticələrinə əsasən, Almaniya bundestaqında 68 deputat Yaşıllar Partiyasının təmsilçisidir. “Avropa Ekologiyası - Les Verts” 2010-cu ildən etibarən Fransanın aparıcı ekoloji partiyası sayılır. Bu partiya son seçkilərdə 12 faiz səs toplayıb.
Son seçkilərdə səslərin 12,42 faizini toplayan “Grüne Partei der Schweiz” isə İsveçrənin Yaşıllar Partiyasıdır. Onlar son seçkilərdə ən yüksək səs faizini toplaya bilmiş partiyalardan biridir. Finlandiyada “yaşıllar” parlamentdəki yerləin 8,5 faizini tuturlar.
Macarıstan və Latviyanın da güclü yaşıllar partiyaları var. Son seçkilərdə Yunanıstan, Rumıniya və Portuqaliyada “yaşıllar” ümumi yerlərin 5 faizdən çoxunu qazanıb. Ümumilikdə isə Avropa Parlamentində “yaşılların” ayrıca fraksiyası var. Bu fraksiya istənilən layihənin qəbuluna ciddi təsir edir. Ona görə də növbəti parlamentdə Azərbaycandan olan yaşıllar hətrəkatının üzvlərinin təmsilçiliyi çox vacibdir.
“Yaşılların” cəmiyyətdəki aktivliyi parlamentə daşınsın.
Nəzərə alaq ki, Azərbaycanda yaşıllar hərəkatı və təşkilatları var. Onlar QHT kimi az iş görmürlər. Ona görə də həm siyasi partiyaların namizədlərinin, həm də bitərəf namizədlərin arasında “yaşılların” olması artıq zərurətdir.
Yeni parlament yeni reallıqlar fonunda formalaşacaq.
Bu dəfə Milli Məclis ölkənin ərazi bütövlüyü və suverenliliyi, məcburi köçkünlərin problemləri üzərində öz platformalarının kontentini müəyyənləşdirməyəcək. Parlamentin yeni tərkibi daha yeni, qlobal çağrışlara, ölkə qarşısında duran yeni missiyaya uyğun düşüncə sərgiləməlidir.
Ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetinin əsas istiqamətlərindən biri, eyni zamanda qoşulduğumuz qlobal çağırışlar namizədlər içərisində yaşıllar hərəkatının təmsilçilərinin olmasını zəruri edir.
Nəzərə alaq ki, Azərbaycanda partiyalar, siyasi hərəkatlar ideologiya və siyasi dəyərlərdən daha çox, lider, şəxsiyyət mərkəzlidir. Azərbaycan seçicisi ideloji, siyasi dəyərlərdən daha çox, siyasi, ictimai portretə səs verməli olur.
Ümid edək ki, cəmiyyətimizdə seçki mədəniyyəti o həddə gəlib çatıb ki, Avropada, Qərbdə siyasi arenada özünə nüfuzlu mövqe qazanmış yaşıllar partiyası kimi, ölkəmizdə də insanların hər birini qayğılandıran, təmiz su, hava, qida və s. problemlərə köklənən hərəkat təmsilçilərinə seçilmək imkanları tanınacaq. Bu həm ölkə daxilindən gələn sosial sifariş, həm inteqrasiya olduğumuz qlobal dünyanın çağrışı, həm də Azərbaycanın da qoşulduğu BMT-nin dayanıqlı inkişaf məqsədlərindən biridir.
Yaşıl siyasətdə təbiətin və sülhün qorunması prioritetdir.
Bir daha qeyd etməliyik ki, inteqrasiya etdiyimiz Avropanın əksər ölkələrində Yaşıllar partiyası fəaliyyət göstərir. Onlar geniş şəkildə parlamentdə və dövlət idarəçiliyində təmsil olunur. Analoji vəziyyət Azərbaycanda da arzuolunan və mümkündür. Bunun üçün ölkədə həm siyasi iradə, həm də siyasi mədəniyyət mövcuddur. Ona görə də qanunverici orqanda yaşılların daha çox olması bir sosial sifarişdir.
Bizim.Media