“Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşə dəvət olunması Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın növbəti göstəricisidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət ölkəmizlə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığa bir töhfə verir”.
Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Bu gün ölkəmizin nəqliyyat infrastruktur imkanları bizə böyük imkanlar açır. Prezident İlham Əliyevin illərdir bu sahədə gördüyü işlər ölkəmizi sanki materikin açar ölkəsinə çevirib. Reallıq budur ki, coğrafi mövqeyimiz və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Bakı-Tbilisi-Qars dəmir yolunun Orta dəhlizin bir hissəsinə çevrilməsi yolun önəmini daha da artırıb.
Artıq Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Bu da əlbəttə ki iqtisadiyyatın güclənməsinə rəvac verir. Ancaq bununla yanaşı bu gün yeni iqtisadi imkanlar da yaradılır.
Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bununla yanaşı Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu da hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Göründüyü kimi nəqliyyat infrastrukturunun inkişafına verilən diqqət hər sahədə müsbət nəticələrlə sonlanır. Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir”.
Deputat həmçinin qeyd edib ki, ölkəmiz qarşısında dayanan əsas prioritet məsələlərdən biri də yaşıl enerji sektorunun inkişafıdır:
“Azərbaycan hazırda bu sahəyə xüsusi diqqət yetirir. COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi də bunun bir sübutudur. Həmçinin ölkəmiz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə də çıxış edib.
Cənab prezidentin qeyd etdiyi kimi bizim prioritetlərimiz sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək də yer alır. Bu dəstək isə planetimizin qorunmasına mühüm töhfə vermiş olacaq. Çünki Azərbaycan özünü heç vaxt qlobal məsələlərdən kənarda tutmayıb və öz töhfəsini vermək iqtidarında olduğu üçün bu istiqamətdə uğurlu addımlar atıb”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:30 / 09.07.2024
Vüqar İskəndərov: “Azərbaycan özünü heç vaxt qlobal məsələlərdən kənarda tutmayıb”
Hazırda oxunan: Vüqar İskəndərov: “Azərbaycan özünü heç vaxt qlobal məsələlərdən kənarda tutmayıb”
Hazırda oxunan: Vüqar İskəndərov: “Azərbaycan özünü heç vaxt qlobal məsələlərdən kənarda tutmayıb”
201256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.