Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb.
XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb.
Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.
Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.
2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.
İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Məscidin daxilində qazıntı işləri, qruntun çıxarılması və çınqıl qatının hazırlanması işləri aparılıb. Bundan əlavə, damdakı günbəzlərin üst səthinin xüsusi qatqılı suvaqla suvanması işləri də görülüb. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib. Mədrəsə bölməsində sonradan əlavə edilmiş divarlar aradan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulması işləri aparılıb.
Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş.” mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.
Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub.
Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. Erməni təcavüzkarları şəhər və rayonları, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətləri talan etmiş, bu ərazilərdəki dini, tarix və mədəniyyət abidələrini vandalizm aktlarına məruz qoymuşdur.
İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsidir.
İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur.
Muzeyin “İşğal dövründə dağıdılmış tarix və mədəniyyət abidələri” bölməsində isə işğal dövründə vandalizmə məruz qalmış tarix və mədəniyyət abidələrini əks etdirən foto və videomateriallar təqdim edilir. Hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
Qarabağın, Şərqi Zəngəzurun, həmçinin Ermənistanla sərhəd olan Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.
“İşğal dövründə ekosid” bölməsində ziyarətçilərə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 30 ilədək davam edən işğalın insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnməsinə dair faktlar çatdırılır.
“30 illik həsrətin sonu” bölməsində Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfər, 30 ilə yaxın doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların Vətən həsrətinə son qoyulmasına dair məlumatlar, fotolar və videomateriallar yer alıb.
“Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi” bölməsində Qarabağda və Şərqi Zəngəzurda bu gün canlanan həyata dair materiallar əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istər Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə, istərsə də Azərbaycan xalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin və milli-mənəvi dəyərlərin dünyaya təqdim olunmasına yönəlib.
Muzeydə məhz bu dirçəlişi əks etdirən fotolar və videomateriallar da nümayiş olunur.
Burada Qarabağa və Şərqi Zəngəzura dair müxtəlif nəşrlərlə tanış olmaq mümkündür. Muzeydə “Şuşada dörd fəsil” beynəlxalq fotolayihəsi çərçivəsində Qarabağın incisi olan Şuşanın mənzərələrini əks etdirən əsərlər də təqdim olunur.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:17 / 05.07.2024
Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında - FOTO
Hazırda oxunan: Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında - FOTO
Hazırda oxunan: Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında - FOTO
200546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.