İyulun 5-də İranda Prezident seçkilərinin ikinci turu keçiriləcək. Prosesdə iştirak edəcək iki namizəddən biri azərbaycanlı islahatçı namizəd Məsud Pezeşkiandır. Onun rəqibi isə mühafizakar qanadın namizədi Səid Cəlilidir.
Birinci turda Pezeşkian səslərin 43 faizini, Cəlili isə 39 faizini toplayıb. Pezeşkianın seçkiqabağı platformasında İranın indiki siyasətində müəyyən yumşalmaların getməyin vacibliyi qeyd olunub. Xüsusən də o, Qərblə dialoqun bərpasını vacib sayır.
Bu mənada maraqlıdır görəsən Pezeşkian prezident seçilərsə, İranın yürütdüyü siyasətdə nələrsə dəyişə bilərmi?
MÖVZU İLƏ BAĞLI:
İranda seçkilər: Cənubi azərbaycanlı namizəd liderlik edir - YENİLƏNİB
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə bildirib ki, Pezeşkian qalib olsa belə, İranın siyasətində əsaslı dəyişikliklərin olacağını düşünmür:
“Çünki İranda siyasəti yönləndirən əsas şəxs ali dini lider və onun ətrafında formalaşan Dini Şuradır. Prezident isə ölkənin siyasətini müəyyən etmir. Amma istənilən halda, Pezeşkian prezident seçilərsə, Azərbaycan və Türkiyəyə yönəlik münasibətdə, həmçinin İran daxilində yaşayan türklərin hüquqlarının artırılması istiqamətində müsbət dəyişikliklərin ola biləcəyini ehtimal edirəm.
Pezeşkian birmənalı olaraq bildirib ki, evdə ailə üzvlərilə yalnız türk dilində danışır. Seçki kampaniyası dövründə o, İranda yaşayan azərbaycan türklərinin hüquqları məsələsini gündəmə gətirdi, ana dilində təhsil almaq imkanlarının yaradılmasının vacibliyini qeyd etdi. Onun prezident olması ilə bu istiqamətlərdə müəyyən fəaliyyəti hiss olunacaq. Lakin bu istiqamətdə də köklü dəyişiklik olmayacaq”.
İran-Azərbaycan münasibətlərində dəyişikliklər olacaqmı?
Həmsöhbətimiz qeyd edib ki, Pezeşkianın dövründə də ölkəmizə münasibətdə mövcud siyasət davam etdiriləcək:
“İran son dövrlər müsbət addımlar atmağa meyillənib. Görünür başa düşüblər ki, Azərbaycanla normal münasibətlərin olması regionda sabitliyə, sülhə dividend gətirə və gələcəkdə İranın regional kommunikasiyalardan yararlanmasına geniş imkanlar yarada bilər. Pezeşkian və ya digər namizədin Prezident olması fonunda belə İran ölkəmizə münasibətdə mövcud siyasəti davam etdirəcək, Azərbaycanla münasibətlərin daha da normallaşması istiqamətində addımlar atılacaq”.
Rüfət Sultan, Bizim.Media