“Ermənilərin davranışları onu göstərir ki, onların emosional vəziyyəti çox ağırdır. Özlərini əzilmiş kimi apararırdılar. Bu baxımdan, bizim hərbçilər düzgün davranıblar. Lazım olmayan yerdə ermənilərə təxribat imkanı yaratmadılar. Amma yenə də demək istəyirəm ki, bu, planlı şəkildə hazırlanmış təxribat olmayıb”.
Bu sözləri Bizim.Media-ya açıqlayan sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov fikirlərini onunla əsaslandırdı ki, Azərbaycan-Ermənistan sərhədində baş verənlər planlaşdırılmış təxribat olsaydı, orada başqa hadisələr də yaşanardı:
“Rusların orada olmaması erməniləri elə bir vəziyyətə salıb ki, onlar panik halda sanki kiməsə nəsə sübut eləmək istəyirdilər. Ümumiyyətlə, sərhəd söhbəti çətin bir mövzudur. Yenə də deyirəm ki, sağ olsun bizim hərbçilər, təmkin, bilik və bacarıqla bu tip məsələləri həll eləməyə yol tapırlar”.
Politoloq Rusiya XİN rəhbəri Sergey Lavrovun regiona nəzərdə tutulan səfərindən də danışdı:
“O ki qaldı Lavrovun səfərinə, söhbət nədən gedə bilər? Hesab edirəm ki, artıq sülhməramlıların bu və ya digər şəkildə fəaliyyətini nizamlayan bir sənəd olmalıdır. O da mandatdır.
Çünki beynəlxalq təcrübə onu göstərir ki, bu cür sənəd mütləq olmalıdır. Həmin sənəddə sülhməramlıların davranış qaydaları, fəaliyyət növləri, ümumi hədəfləri və s. məqamlar göstərilməlidr.
Azərbaycan tərəfi isə bu sənədin əldə olunmasına təşəbbüskar kimi çıxış eləməlidir. Ya Milli Məclis, ya da digər qurum tərəfindən ictimaiyyətin dəstəyi olan bir sənəd ortaya qoyulmalıdır ki, “biz sülhməramlıların fəaliyyətini və müşahidəçilər missiyasının işini bu çərçivədə görürük”. Yəni, hüquqi çərçivədə... Belə olan halda bir çox məsələlərə son qoyulacaq”.
Anar Rəhimov, Bizim.Media