Biz uşaq olanda bir anın içində hər şey dəyişdi: Bir gün silahlı atışma səsləri eşitdik, sonrakı gün qazımız kəsildi, ertəsi işığımız, birigün yolumuz, sonra çörəyimiz... hər şey bir göz qırpımında kəsilə-kəsilə getdi...
Bununla bərabər, ümidlərimiz, arzularımız da azala-azala, yox ola-ola gedirdi. Həmişə işə tələsən qonum-qonşular, doğma-əzizlər indi Gərməçatağı, Buzqovu, Şadanı müdafiə etməyə tələsirdilər. Silah-sursatsız, ov tüfəngləri və sınıq-salxaq avtomatlarla... Hər kəsdə yüksək əzm, iradə, böyük vətən sevgisi var idi. Bircə bizi qoruyacaq, düşməni yerində oturdacaq ordumuz yox idi...
Bir az keçəcək, ulu öndər Heydər Əliyev Moskvadan Naxçıvana qayıdacaq, ilk milli ordu qurumlarını yaradacaq, rus qoşunlarını silah sursatını təhvil vermək şərti ilə qədim diyardan çıxaracaq, Naxçıvanı işğal və məhv olmaq təhlükəsindən xilas edəcək, bununla da cəbhədə ağır məğlubiyyətlərə düçar olan Azərbaycanın 30 ilə sığan və 44 günə başa çatan müzəffər yürüşü başlayacaqdı.
...Sabah biz Silahlı Qüvvələrimizin yaradılmasının 106 illiyini qeyd edəcəyik. Heç şübhəsiz, Vətən müharibəsindəki şanlı qələbə bu 106 illik tarixin zirvəsidir. Suverenlik, Qarabağa, Şərqi Zəngəzura qayıdış təsdiq edir ki, silahlı qüvvələrimiz ən mürəkkəb və çətin relyef şəraitində döyüş aparmağa və istənilən uğurlu məntiqi sonluğa çatmağa qadirdir. Bu gün kərpic-kərpic tikilib qurulan, çiçəklənən bölgələrimiz həm də dövlət sərhədlərimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Silahlı Qüvvələrimizin əsəridir. Bu ordu həm də “Böyük Ermənistan” mifini, “yenilməz” erməni ordusu sərsəmliyini, dünya erməniçiliyini, diasporun milyardlarını, hər iki Qarabağ müharibəsində erməni əsgərlərinə xeyir-dua verən, onları təcavüzə, türk qisasına həvəsləndirən qara xaçlı komandirləri-şarlatan keşişləri, Balayanın “Ocaq” əsərini tarixin zibilliyinə atan, vaxtaşırı üstümüzə xoruzlanan Makron kimi ədəbazlara yerini göstərən ordudur.
İndi Xankəndinin mərkəzi meydanında önündə keşiş kalonu gedən hərbi parad keçirilmirsə, deməli, biz tariximizdə ən böyük qələbəni qazanmışıq; əzmimiz, birliyimiz, vətənpərvərliyimiz, hər birimiz əsgər, hər birimiz komandir olmaq amalımızla...
Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız və ordumuz üzərinə düşən birinci missiyanı uğurla yerinə yetirdi. Və bizim ikinci, üçüncü, dördüncü və nəhayət əbədi missiyamız isə hələ bitməyib və həmişə davam edəcək.
Bu missiya milli maraqlar və dövlətçiliyimiz naminə əbədi birliyimiz, vətən və xalqımızın işıqlı sabahları yolunda yorulmadan, usanmadan çalışmağımız və daim gücləndirəcəyimiz Azərbaycanımızdır!
Bu gün ən gözəl təbrik müzəffər Ali Baş Komandana, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərinə düşür. Onlar səngər, döyüş qəhrəmanları, milli maraqların və hərbi təhlükəsizliyin qarantıdırlar. Və bir də əbədiyyət qəhrəmanlarımza: tarixi ədaləti bərpa edən, ərazi bütövlüyümüz naminə canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə... 106 ilin işığında ruhunuz şad olsun,
QƏHRƏMANLAR!
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa-yaşa çox yaşa, ey şanlı Azərbaycan!
Sahil Tahirli, “Naxçıvan MR Televizya və Radio Verilişləri” QSC-nin sədri
- A-
- A
- A+
Siyasət
16:03 / 25.06.2024
Əbədi missiya – 106 ilin işığında
Hazırda oxunan: Əbədi missiya – 106 ilin işığında
Hazırda oxunan: Əbədi missiya – 106 ilin işığında
198982
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.