Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi fonunda baş nazir Paşinyan 2026-cı il dekabrın 30-dək yeni Konstitusiya layihəsini hazırlamağı və onu təsdiq etməyi tapşırıb. Qərarda “Konstitusiyaya dəyişikliklər” əvəzinə “yeni Konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub.
Bu haqda Amerikanın “Azadlıq” radiosunun erməni bürosu məlumat yayıb.
Qeyd edək ki, Ermənistanın mövcud Konstitusiyasında qonşu ölkələrə, xüsusən də Türkiyə və Azərbaycana ərazi iddiaları yer alıb. Bu isə haqlı olaraq Bakı ilə Ankaranın etirazına səbəb olur. Onun nəticəsidir ki, Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın ana qanununun dəyişdirilməsi tələbi irəli sürülüb. Azərbaycan bunu sülh müqaviləsinin imzalanmasının əsas şərti hesab edir.
MÖVZU İLƏ BAĞLI:
Paşinyandan delimitasiya MESAJI – Nikol Zəngəzuru niyə gündəmə GƏTİRİR?
Belə bir vəziyyətdə, Paşinyan 2026-cı ilin sonuna qədər yeni Konstitusiya layihəsini ahzırlamağı tapşırır.
Həmin prosesi 2026-cı ilə qədər uzatmaqda görəsən Paşinyanın məqsədi nədir? Paşinyan Azərbaycanın şərtlərini qəbul edir, yoxsa sülh prosesini uzatmaq üçün vaxt udmağa çalışır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, yeni Konstitusiya dəyişikliyinə getməklə Paşinyan bir tərəfdən Prezident üsul-idarəsinə qayıtmağa, digər tərəfdən də sülh prosesini uzatmaq üçün vaxt udmağa çalışır:
“Paşinyan Konstitusiya barədə danışarkən əslində iki məqsəd güdür. Vaxtilə Serj Sarkisyan hakimiyyəti əlində saxlamaq üçün Konstitusiyaya dəyişikliklər edib. Nəticədə onun dövründə Ermənistan parlament respublikası modelini seçir. Sarkisyan bununla çalışırdı ki, baş nazir olsun. Amma Paşinyan hakimiyyətə gələndən bir il sonra bəyan edib ki, həmin dəyişikliklər idaeəetmə üçün zərərlidir. Onun fikrincə, parlament respublikası Ermənistan üçün uyğun model deyil.
İkinci bir tərəfdən, İrəvanın Konstitusiya dəyişikliyinə getməsi məsələsi sülh sazişinə nail olmaq üçün Azərbaycan tərəfindən kəskin şəkildə şərt kimi qoyulur. Paşinyan da son bəyanatla onu göstərmək istəyir ki, Bakının şərti İrəvan tərəfindən qəbul olunur. Amma sadəcə olaraq, konstitusiya dəyişikliyinə getmək üçün siyasi prosedur uzun zaman tələb edir. Paşinyanın 2026-cı il bəyanatı da məhz ona işarədir”.
Sabiq nazirin fikrincə, Konstitusiya dəyişikliyi məsələsini 2026-cı ilə qədər uzatmaqla Paşinyan Azərbaycan və prosesdə maraqlı olan digər tərəflərə mesaj göndərir ki, Bakı Ermənistandakı vəziyyət və siyasi mühitə uyğun olaraq bu və ya digər şəkildə tələblərini dəyişdirsin:
“Bəyanatla Paşinyan ola bilsin, sülh prosesini uzatmağı, vaxt udmağı da qarşısına məqsəd qoyub. Bu variant da istisna edilməməlidir. Yəni bir tərəfdən, Paşinyan özü də konstitusiya dəyişikliklərində maraqlıdır. O, Prezident üsul-idarəsi modelinə qayıtmaq istəyir. Digər tərəfdən də bu prosesi uzatmaqla sülh danışıqlarında vaxt udmağa hesablanmış addım da ola bilər”.
Müsahibimizin qənaətinə görə, bəyanatın müsbət cəhəti, mövcud konstitusiyadakı bəndlərin qonşularla normal münasibətlər yaratmaq yolunda maneə olduğunu Paşinyanın artıq etiraf etməsidir.
Rüfət Sultan, Bizim.Media