Rusiyadan KTMT-dəki müttəfiqlərinə NATO XƏBƏRDARLIĞI – Hədəfdə Ermənistandır...

Rusiyadan KTMT-dəki müttəfiqlərinə NATO XƏBƏRDARLIĞI – Hədəfdə Ermənistandır...

Hazırda oxunan: Rusiyadan KTMT-dəki müttəfiqlərinə NATO XƏBƏRDARLIĞI – Hədəfdə Ermənistandır...

196178

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında çıxış edərkən deyib ki, NATO KTMT ölkələrinə hücum planı işləyir.

Onun sözlərinə görə, KTMT ölkələri üçün birbaşa təhlükə NATO-nun davam edən genişlənməsidir:

"Kollektiv təhlükəsizlik zonasının şimal və qərb sərhədlərində alyansın hərbi mövcudluğu artırılır və yeni silah sistemləri yerləşdirilir. Hava məkanında təxribatların sayı artır, KTMT ölkələrinin ərazisinin işğalı da daxil olmaqla, çoxsaylı hərbi təlimlər keçirilir". 

Görəsən, Şoyqunun bu açıqlamasının arxasıda hansı məqsəd dayanır? Rusiya KTMT-ni Ukrayna münaqişəsinə cəlb etmək planları qurur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Moskvanın KTMT-ni Ukrayna münaqişəsinə cəlb etmək planları yoxdur:

“Şoyqunun bu cür bəyanat verməsinin məqsədi aydındır. Məlumdur ki, Rusiya Ukrayna müharibəsinə NATO-nun onun sərhədlərinə yaxınlaşması və Kiyevin həmin quruma üzv olmağa hazırlaşdığını əsas gətirərək, başlayıb. Moskva Kiyevdən neytrallığı qoruyub saxlamağı tələb edirdi. Şoyqu bu açıqlama ilə KTMT üzvlərinə çatdırmaq istəyir ki, NATO təkcə Rusiya üçün təhlükə deyil, bütövlükdə KTMT ölkələrinin hər biri üçün bu təhlükə var. 

Rusiyanın KTMT ölkələrini Ukrayna müharibəsinə cəlb etmək planları yoxdur. Belə plan olsaydı, müharibənin əvvəlində olardı. Sadəcə, Şoyqu belə bəyanatlarla KTMT ölkələrini NATO ilə qorxutmaq, Rusiya kimi onların da qərb blokuna düşmən gözü ilə baxmalarına nail olmaq istəyir”.

Ekspert qeyd edir ki, Şoyqunun açıqlamasının əsas hədəfi Ermənistandır. Bəyanatın məqsədi də ilk növbədə İrəvanı qorxutmaqdır:

“Çünki Ermənistan KTMT-nin işində iştirak etmir, onu maliyyələşdirməkdən də imtina edib. Onun növbəti addımı da KTMT-ni tərk etmək olacaq”.

Amma həmsöhbətimizə görə, Şoyqunun bu bəyanatının təsiri olmayacaq:

“İrəvan artıq yolunu seçib, KTMT-dən uzaqlaşmaq xətti götürüb. Onun bu xəttdən imtina etməsi üçün də ciddi əsas görünmür. Gələcəkdə, ola bilsin KTMT-nin digər ölkələri də bu yolu tutsun. Bu isə artıq Moskvanın yürütdüyü siyasətindən asılı olacaq. KTMT ölkələri Rusiyanın faydasını görsələr, təbiidir ki, qurum bir müddət yaşayacaq. Amma Zatulin kimi başıpozuqlara danışmaq imkanı verilsə, KTMT-nin ömrü də uzun olmayacaq”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO