Milli Məclis Niderland Parlamentinin qətnaməsini şiddətlə qınadı

Milli Məclis Niderland Parlamentinin qətnaməsini şiddətlə qınadı

Hazırda oxunan: Milli Məclis Niderland Parlamentinin qətnaməsini şiddətlə qınadı

194843

Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü il mayın 23-də Niderland Parlamenti Nümayəndələr Palatasının ölkəmizi hədəf alan ədalətsiz və birtərəfli qətnamə qəbul etməsinə qəti etirazını bildirir və bu hərəkəti irqçi, azərbaycanofob, türkofob və islamofob siyasi aksiya kimi qiymətləndirərək şiddətlə qınayır.

Bu barədə Bizim.Media-ya Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, qətnamədə ölkəmizə qarşı irəli sürülmüş ittihamlar qismən reallıqların təhrifinə, qismən də yalan və saxta məlumatlara əsaslanır.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulduqdan, beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsi bərpa edildikdən sonra Niderland Parlamenti Azərbaycana qərəzli münasibətini dəfələrlə ifadə edərək müxtəlif qətnamələr qəbul etmişdir. Hazırda Ermənistanla sülh danışıqlarının aparıldığı və bu istiqamətdə müəyyən ümidverici nəticələrin əldə edildiyi bir şəraitdə Niderland Parlamentində yenidən belə bir sənədin ortaya çıxması siyasi bəsirətsizliyin və məsuliyyətsizliyin bariz nümunəsidir.

Təəssüf doğuran haldır ki, Niderland Parlamentinin üzvləri Azərbaycan torpaqlarının işğal altında saxlanıldığı, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün taleyi yaşadığı 30 il ərzində bir dəfə də olsun səslərini çıxarmamış, işğalçı ölkəni aşkar və ya gizli surətdə dəstəkləməyə üstünlük vermişlər, bu gün isə Azərbaycan Respublikasına qara yaxan, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn, uzun illər münaqişədə olmuş iki dövlət arasında normallaşma prosesinə zərbə vuran, revanşizmə rəvac verən bir hərəkəti özlərinə rəva görürlər.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət edilməsi digər dövlətlər kimi Niderland Krallığının da beynəlxalq öhdəliklərindən biridir. Digər tərəfdən, bu cür aksiyalar təkcə Cənubi Qafqaz regionunun deyil, həm də bütövlükdə Avropanın sülh, sabitlik və dayanıqlı inkişafla bağlı maraqlarına ziddir.

Niderland Parlamentinin Nümayəndələr Palatasında sözügedən qətnamənin müzakirəsi zamanı xarici işlər naziri Hanke Brüins Slotun deputat sorğusunun cavabında səsləndirdiyi qeyri-adekvat fikirlər, onun Azərbaycan barəsində əvvəllər də irəli sürdüyü əsassız ittihamlar bu ölkənin icra orqanlarının parlament deputatlarının təxribat xarakterli fəaliyyətinə göz yumduqlarını və bu cür fəaliyyəti əslində təşviq etdiklərini göstərir. Bütün bunlar Cənubi Qafqaz regionunda gərginliyin artmasına xidmət edir və sülh gündəliyinin həyata keçirilməsi səylərinə ciddi maneçilik törədir.

Azərbaycan Respublikasının Milli Məclisi Niderland Parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Azərbaycanın daxili işlərinə qanunsuz müdaxilə cəhdlərinə son qoymağa, bölgədə artıq tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq niyyətindən əl çəkməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılmasına yönələn addımlar atmağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO