Avropada özlərinə bunker qurmuş “söyüş müxalifəti”ndən Azərbaycan daxilində bəzi məmurların da istifadə etdiyi, onlara informasiya və pul ötürdüyünə dair məlumatlar yayılıb. Hətta, “söyüş müxalifəti”nin bir çox üzvünün Avropaya məhz bu məmurlar tərəfindən göndərildiyi, oradan hakimiyyəti, yaxud “rəqib” hesab etdiyi hansısa məmuru şantaj etdiyi deyilirdi.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, bu işdə konkret Ramiz Mehdiyevin, Eldar Mahmudovun və digərlərinin adları da çəkilirdi. Daha sonra aparılan islahatlar bütün bunların qarşısını aldı.
Ancaq bu günlərdə “söyüş müxalifəti” daxilində baş verən qarşıdurma və bir-birilərinin ifşası prosesi ortaya yeni faktlar çıxardı.
“Söyüş müxalifəti”nin pul üstündə ifşaedici davası həm də sual yaradır:
Avropada “mühacir” adı altında yaşayan bu şəxslərlə əməkdaşlıq edən məmurlar hələ də varmı?
“Söyüş blogeri” olan Tural Sadıqlı və Əfqan Muxtarlı arasındakı qarşıdurma bir çox mətbləblərə və bu suala da müəyyən qədər aydınlıq gətirir.
Qruplaşmanın üzvlərindən olan Surxan Lətifov adlı şəxs yazır ki, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı blogerlərə qarşı araşdırma başlayıb:
“Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pul vermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. İndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır”.
Daha sonra Əfqan Muxtarlı yazıb ki, Azərbaycan hakimiyyəti Avropda olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib.
“Hətta deyilənə görə bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsüsən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan höküməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar”, - o deyib.
Bundan sonra Turalı Sadıqlı onlara qarşı ittihamlar səsləndirib. Onları hakimiyyətə işləməkdə günahlandırıb. Əlavə edib ki, “hakimiyyətlə bağlı problemlər daxili məsələdir, ona görə problemləri hakimiyyət nümayəndəsinə demək lazımdır”.
Təbii ki, Tural Sadıqlı kimi söyüşdən başqa heç nə danışmayan birisinin qəfil “U” dönüşü etməsi və “hakimiyyətdən hakimiyyətə şikayət etməklə” bağlı dedikləri şübhələr yaradır.
Görünür ki, Tural Sadıqlı Almaniya polisi tərəfindən ifşa olunacağını və ən yaxşı halda deportaiya ediləcəyini bildiyi üçün indidən özünü Azərbaycan hakimiyyətinə yaxşı göstərməyə və sığortalamağa çalışır.
Əfqan Muxtarlının yazdıqlarından isə məlum olur ki, Azərbaycanda hansısa məmur hələ də “söyüş müxalifəti”nin üzvləri ilə əməkdaşlıq edir. Bunun qarşılığında “söyüş müxalifəti”nin üzvlərinə informasiya və pul ötürür.
“Sual verirəm, sən, Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətçi, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?”, - deyə Əfqan Muxtarlı yazır.
Bütün bunlar “söyüş müxalifəti”nin daxili çəkişmələridir və qarşıdurmada məqsəd bir-birini ifşa etməkdir. Lakin bu ifşa bir məsələni ön plana çıxarır:
“Söyüş müxalifəti” ilə görüşən məmur kimdir?
Bu əməkdaşlıqda məqsəd nədir?
Qeyd etdiyimi kimi, vaxtilə belə məmurlar vardı və onlar artıq vəzifədə deyil. Ümumilikdə, “söyüş müxalifəti”nin fəaliyyəti böyük ölçüdə neyutrallaşdırıb. Lakin Əfqan Muxtarlı-Tural Sadıqlı “atışması” belə məmurların hələ də qaldığını, hansısa maraqları üçün “söyüş müxalifəti”nə pul və informasiya ötürdüyünü düşünməyə əsas verir. Bu, təkcə hakimiyyət üçün yox, dövlət maraqları üçün də ciddi təhlükədir. O baxımdan, belə məmurların ifşa edilməsi zəruridir və istisna deyil ki, yaxın dövrdə bu məmurların oyunlarına son qoyulacağının şahidi olacağıq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:14 / 29.05.2024
Azərbaycan hakimiyyətinə söyüş yağdıranlara sponsorluq edən məmurlar kimlərdir? — Əfqan Muxtarlı-Tural Sadıqlı bir-birini ifşa etdi...
Hazırda oxunan: Azərbaycan hakimiyyətinə söyüş yağdıranlara sponsorluq edən məmurlar kimlərdir? — Əfqan Muxtarlı-Tural Sadıqlı bir-birini ifşa etdi...
Hazırda oxunan: Azərbaycan hakimiyyətinə söyüş yağdıranlara sponsorluq edən məmurlar kimlərdir? — Əfqan Muxtarlı-Tural Sadıqlı bir-birini ifşa etdi...
194744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.