İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib - FOTO

İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib - FOTO

Hazırda oxunan: İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib - FOTO

193335

21 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Luka Di Canfrançeskonu qəbul edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfir Luka Di Canfrançeskonu təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzu edib.

Görüşdə iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Tərəflər dövlət başçıları, hökumət nümayəndələri və parlamentlər arasında intensiv təmasların strateji münasibətlərin inkişafında vacib rol oynadığını diqqətə çatdırıblar.

Müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, bağlantılar, humanitar, təhsil və s. üzrə çoxşaxəli əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından strateji dialoq, habelə siyasi məsləhətləşmələr mexanizmlərindən istifadənin vacibliyi vurğulanıb. Xüsusilə, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu qeyd olunub. İtaliya-Azərbaycan Universitetinin təhsil sahəsində genişlənməkdə olan əməkdaşlığa əlavə impuls verəcəyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
İtaliya şirkətlərinin yenidənqurma səylərinə töhfəsi məmnunluqla qeyd edilib. Ölkəmizdə mina təhdidi məsələsi diqqətə çatdırılıb, minasızlaşdırma fəaliyyəti sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə aparılan danışıqlar prosesindən bəhs edən nazir Ceyhun Bayramov COP29 sədrliyimiz çərçivəsində o cümlədən İtaliya ilə əməkdaşlıqdan məmnunluq duyacağımızı bildirib.

Səfir Luka Di Canfrançesko qəbula görə təşəkkür edərək, ölkəmizdə səfir təyin olunmasından məmnun olduğunu, fəaliyyəti müddətində mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində çalışacağını qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO