Gözlənildiyi kimi Gürcüstan Prezidenti Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoydu. Bununla belə prezidentin qanunla bağlı dediyi fikirlər xeyli təəccüb doğurur:
“Bu qanun öz mahiyyətinə görə Rusiya qanunudur, Konstitusiyamıza və bütün Avropa standartlarına ziddir və beləliklə, bizim Avropa yolumuza maneədir. Bu qanun ləğv edilməlidir”.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan Prezidenti "xarici agentlər" haqqında qanuna VETO qoyub
Göründüyü kimi Gürcüstan prezidenti çox kəskin danışıb. Hətta qanunun Rusiyanın təsiri ilə qəbul edildiyini iddia edib. Üstəlik, bu qanunun Gürcüstanın Qərbə inteqrasiyasına ciddi maneə olduğunu dilə gətirib.
Qanun layihəsinə baxanda deyilənlərin heç bir təsdiqi tapılmır.
Çünki, “Xarici təsirin şəffaflığı haqqında” qanunun mahiyyəti odur ki, büdcəsinin 20 faizdən çoxunu xaricdən alan təşkilatlar “xarici gücün maraqlarını güdən təşkilat” kimi qeydiyyatdan keçməlidir. Əks halda, cərimə ödənilməlidir.
Göründüyü kimi qanunda açıq şəkildə yazılıb ki, gəlirlərinin 20 faizi xaricdən formalaşan təşkilatlar dövlət qarşısında hesabat verəcək. Amma o qanunda istisna yoxdur ki, yardım Rusiyadan alınarkən ona toxunulmur. Sadəcə xaricdən alınan bütün yardımlar bundan sonra nəzarətə götürülür. Vəssalam…
Maraqlıdır, ABŞ Konqresi özünün qəbul etdiyi qanunun Gürcüstanda olmasını niyə istəmir?
Anoloji qanun dünyanın əksər ölkələrində, o cümlədən ABŞ və Avropa ölkələrində də qəbul olunub. Amma nədənsə, həm ABŞ, həm də Avropa ölkələri özlərində olan qanunun Gürcüstanda qəbuluna başqa cür baxır. Bunu insan haqlarının pozulması və demokratiyanın məhdudlaşdırılması kimi təqdim edir.
Bu da təsadüfi deyil. Çünki, ABŞ və Avropa dövlətləri Gürcüstanı ekspertlər poliqonuna çevirib. İstənilən layihə Gürcüstandan sınaqdan keçirilir. Bu layihələrsə çoxusu pozucu və təxribat xarakterlidir.
Məlumdur ki, Qərb digər ölkələrdə öz pozuculuq fəaliyyətlərini vətəndaş cəmiyyətinin nümayəndələri, daha konkret desək QHT-lərin əli ilə həyata keçirirlər. Təsadüfi deyil ki, Gürcüstanda da 25 mindən artıq QHT var. Bu QHT-lərin 90 faizi Qərbdən maliyyələşir.
Ona görə də bu gün xarici yardımlar hesabına fəaliyyət göstərən gürcü QHT-ləri qanunun qəbulu ilə barışmırlar. Təbii ki, Qərbin donor təşkilatlarına da yeni qanun sərf eləmir. Ona görə də Qərbin pozucu qüvvələri ilə Gürcüstandakı QHT-lərin maraqları üst-üstə düşür. Məhz bu səbəbdən Qərb etirazçı QHT-lərini tam gücü ilə dəstəkləyir.
ABŞ açıq hədəyə keçib…
Xəbər verdiyimiz kimi ABŞ bu qanunun qəbul ediləcəyi təqdirdə Gürcüstana bütün yardımların dayandırılacağını bəyan edib. Bundan başqa ABŞ Konqresi Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanunun geri götürülməyəcəyi təqdirdə bu ölkəyə Belarus tipli sanksiyalarla hədələyib.
Ötən günsə ABŞ-dan daha bir hədə mesajı gəldi. Əgər qanun qəbul olunsa, o zaman Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq ediləcək. Təbii ki, Avropa İttifaqı da öz təhdidlərində ABŞ-dan geri qalmır. Bu da təsadüfi deyil. Çünki Qərb region ölkələrindəki agentura şəbəkəsini məhz Tiflisdəki ofislərdən idarə edir. Yeni qanunun qəbulu təkcə Gürcüstandakı Qərbin pul kisəsindən asılı olan QHT-lərin yox, həm də qeyd etdiyimiz regional ofislərin də fəaliyyətinə əngəl yaradacaq.
Bax, Qərbin narahatlığı bu səbəbdəndir. Yoxsa sadə gücülərin hüquq və azadlıqları Qərbin qətiyyən narahat etmir. Əgər belə bir narahatlıq olsa idi, 20 faiz ərazinin işğalına son qoyulması və Gürcüstanın suveren hüquqlarının bərpası üçün Qərb bu vaxtadək hansısa addımlar atardı. Amma fakt odur ki, Qərbi narahat edən onların pozuculuq fəaliyyətinə qoyulacaq qadağadır.
Gürcüstan seçim qarşısında…
Hazırda Gürcüstan üçün iki yol var. Ya Gürcüstan “xarici agentlər” haqqında qanunun qəbulunu dayandıracaq və əvvəlki qayda ilə yaşamağa davam edəcək. Ya da, Gürcüstan da Azərbaycandan nümunə götürərək heç bir təşkilata qoşulmaq istəməyərək öz suveren hüquqları uğrunda mübarizə aparacaq.
Nəzərə alaq ki, Gürcüstanın 20 faiz torpaqlarının işğal altında olmasının tək səbəbi Qərbə inteqrasiya cəhdləridir. Bu gün Gürcüstan Aİ və NATO-ya üzvlük iddiasından əl çəksə və region dövlətlərlə tərəfdaşlığa səy göstərsə, o zaman Gürcüstanın işğal altında olan torpaqları geri qaytarılmasına böyük şanslar yaranacaq.
Təbii ki, bunu hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyası da yaxşı bilir. Ona görə də hakim partiya ikinci - ərazi bütövlüyü və suveren hüquqların bərpası yolunu seçib.
Amma hakim partiyanın bu məsələdə nə qədər qətiyyətli olduğunu yaxın günlərdə biləcəyik. Nəzərə alq ki, Prezidenti Salome Zurabişvilinin veto qoyduğu "Xarici təsirin şəffaflığı haqqında" qanunun qüvvəyə minməsi üçün Gürcüstan parlamenti yenidən bir araya gəlməlidir. Əgər parlament üzvlərinin 2/3-si layihəni dəstəkləsə, o zaman qanun prezidentin Fərmanı olmadan da hüquqi qüvvəyə minə bilər.
Surxay Atakişiyev, Bizim.Media