Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - FOTO/VİDEO

Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - FOTO/VİDEO

Hazırda oxunan: Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - FOTO/VİDEO

191981

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı əlaqələrimizin dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslandığınlı qeyd edib. 

Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşləri dostluq münasibətlərimizin nümayişi kimi dəyərləndirib və Si Cinpinlə növbəti görüşü məmnuniyyətlə gözlədiyini deyib. 
Əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılması üçün real imkanların olduğunu və artıq ölkələrimizin müxtəlif sahələrdə çox yaxından əməkdaşlıq etdiklərini bildirən dövlət başçısı son vaxtlar Azərbaycan ilə Çin arasında müxtəlif səviyyədə qarşılıqlı rəsmi səfərlərin sayının artdığını deyib, bunun da əlaqələrimizin möhkəmlənməsi işinə xidmət etdiyini vurğulayıb. 

Prezident İlham Əliyev iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində artımın olduğunu deyərək, insanların qarşılıqlı gediş-gəlişinin artdığını da məmnunluqla qeyd edib. 

Dövlət başçısı Şen Yueyuenin Azərbaycana səfərinin məhsuldar olacağına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əmin olduğunu bildirib. 

Qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən qonaq deyib: 

“Uzun illərdir ki, Siz Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Çin xalqının dostusunuz. İlk növbədə, Sizə Çin Xalq Respublikasının Sədrinin salamlarını və ən xoş arzularını çatdırmaq istərdim. Son illər sizin qətiyyətli və müdrik rəhbərliyinizlə Azərbaycan xalqı birlik göstərərək inkişaf yolu ilə gedir. Ölkənizdə dayanıqlı sabitlik, sürətli iqtisadi inkişaf müşahidə edilir və Azərbaycanın qüdrəti böyük dərəcə artmışdır”. 

Şen Yueyue Çinin Azərbaycan xalqının öz inkişaf yolu ilə bağlı etdiyi seçimini və Azərbaycanın Cənub-Cənub xətti üzrə qlobal iqlim dəyişiklikləri ilə bağlı fəal beynəlxalq əməkdaşlığını dəstəklədiyini vurğulayıb. O, dünyada Azərbaycanın nüfuzunun daim artdığını deyərək, bildirib ki, bu, ölkəmizin yaxın dostu və etibarlı tərəfdaşı kimi Çini sevindirir. 

Azərbaycanda keçirilən prezident seçkilərinə toxunan Şen Yueyue dövlət başçısının bu seçkilərdə inamlı qələbə qazandığını vurğulayaraq təbriklərini çatdırıb və bunu Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətinə olan böyük dəstəyinin nümayişi kimi dəyərləndirib.

Qonaq Çin xalqının özünə yaxın hesab etdiyi Azərbaycan xalqına inkişaf yolunda yeni uğurlar arzulayıb. O, Si Cinpin ilə Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı planları müəyyənləşdirdiklərini qeyd edərək iki dövlət başçısının strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətlərinin yeni mərhələyə qalxacağına və xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini bildirib. 

Çin Xalq Respublikasının Sədrinin salamlarına, təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib. 
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilmiş açıqlamada Tayvanda keçirilən seçkilərin pislənilməsi və Çinin ərazi bütövlüyünə bir daha dəstəyin ifadə olunması qeyd edilib. Dövlət başçısı vurğulayıb ki, dünyada hələ də separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyaları özünü büruzə verməkdədir. 

Qonaq vurğulayıb ki, Çin Xalq Respublikası daim Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəkləyib. O, “Vahid Çin” siyasətinə görə Azərbaycana təşəkkürünü bildirib. 

Azərbaycanın öz milli maraqları əsasında siyasət həyata keçirdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, Si Cinpinin rəhbərliyi ilə Çin Xalq Respublikasının, o cümlədən Çin iqtisadiyyatının əldə etdiyi nailiyyətlər Azərbaycanı dost və tərəfdaş kimi sevindirir. Çinin dünya iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayan dövlət başçısı bunun qlobal iqtisadiyyatın inkişafı üçün çox vacib olduğunu deyib. 

Qonaq COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırdı və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxunub. 

Söhbət zamanı vurğulanıb ki, Azərbaycan Qlobal Cənubun tərkib hissəsidir və bu xüsusda Qoşulmama Hərəkatı çərçivəsində bu ölkələrin maraqlarını müdafiə edib. Həmçinin COP29 çərçivəsində də Azərbaycan Qlobal Cənub ölkələrinin maraqlarının təmsil olunmasına öz səylərini əsirgəməyəcək. 

Vurğulanıb ki, ölkəmiz COP29 çərçivəsində də Çin Xalq Respublikası ilə əməkdaşlığa hazırdır və Azərbaycanın COP29 nümayəndə heyəti Çinə səfər edərək müzakirələr aparıb. 

Görüşdə hakim partiyalar - Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Çin nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələri qeyd edərək xalq diplomatiyası çərçivəsində Çinin aidiyyəti təşkilatları ilə əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıblar. 

Prezident İlham Əliyev hakim partiyalar arasında əməkdaşlığa toxunaraq, Çin Xalq Respublikasının müxtəlif təşkilatları ilə Heydər Əliyev Fondu arasında xalq diplomatiyası əsasında həyata keçirilən mədəni-humanitar tədbirlərin əhəmiyyətini qeyd edib. 

Söhbət zamanı bərpaolunan enerji sahəsində Çin şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdikləri bildirilib, Azərbaycanda elektroavtobusların və elektroavtomobillərin, həmçinin bərpaolunan enerji vasitələrinin istehsalının təşkili və bu istiqamətdə Çin şirkətləri tərəfindən investisiyaların qoyulması məsələsi müzakirə olunub. 
Görüşdə Azərbaycanla Çin arasında siyasi, iqtisadi, sərmayə, nəqliyyat, yaşıl enerji, xalq diplomatiyası və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Çin-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni müstəviyə çatdığı bildirilib. Ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyi, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhlizin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO