Aprelin 24-də qondarma erməni soyqırımının ildönümü günündə ABŞ prezidenti Co Baydenin “erməni soyırımı” ifadəsini işlətməsi Türkiyədə və ölkəmizdə kəskin etirazla qarşılanıb.
Osmanlı imperiyasının ermənilərə qarşı soyqırımı törətməsini iddia edən ölkənin bütün tarixinin soyqırımlarla zəngin olması isə mövzunun ən tragikomik məqamıdır.
Hindu qətliamları, Vyetnam, Laos, İraq, Əfqanıstan və Yaponiyada milyonlarla insanın qatili olan ABŞ bu gün digər ölkələri demokratiya və insan hüquqlarını pozmaqda günahlandırır.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Baydenin “bir kəlməsi”nə neçə milyard itirdi? – Müqayisəli AÇIQLAMA
Yerli xalqların torpaqlarını qətliamlar yolu ilə ələ keçirən avropalıların qurduğu ABŞ-ın təməlləri məhz bu soyqırımların üzərinə inşa olunub. Bugün ABŞ-ın bütün dünyada söz sahibi ola biləcək qədər güclü dövlət məhz soyqırımına məruz qalmış hindu əhalinin təbii sərvətləri hesabına yaranıb.
1492-ci ildə Xristofor Kolumb tərəfindən Amerika qitəsinin kəşf olunmasından sonra avropalıların yeni qitəyə köçünə start verildi. Köhnə dünyadan gələn avropalılar yeni dünyanın zəngin sərvətlərindən yararlanmaq üçün yerli əhaliyə qarşı qırğınlar törətməyə başladılar.
1622-1924-cü illəri əhatə edən və fasilələrlə davam edən münaqişə hindu əhalisinin 90%-dən çoxunun ölümü və qalan əhalinin rezervasiyalara sıxışdırılması ilə nəticələndi.
Avropalılar yerli əhalini yalnız zorakılqla qətlə yetirmirdilər. Onlar həmçinin bioloji silahdan da istifadə edirdilər.
Belə ki, yerli əhalinin immuniteti xəstəliklərə qarşı zəif olduğundan avropalıların yoluxdurduğu yüngül xəstəliklərin belə onlar üçün nəticələri ağır olurdu. Bəzi hesablamalara görə, ABŞ ərazisində yaşayan hindu əhalisinin 80-90%-i avropalıların gətirdiyi Suçiçəyi xəstəliyindən dünyasını dəyişib.
Avropalıların gəlişindən əvvəl Şimali Amerikada nə qədər hindunun yaşadığı dəqiq məlum olmasa da, 35 milyona yaxın yerli əhalinin məhv edildiyi ehtimal olunur. Avropalı müstəmləkəçilərə qarşı müharibələr, köç və assimiliyasiyanın nəticəsində 19-cu əsrdə ABŞ hindularının sayı 1 milyonun altına düşüb.
ABŞ dövləti yarandıqdan sonra da soyqırım davam etdirilib. Bu məqsədlə ABŞ hərbi nazirliyi nəzdində hinduların işləri üzrə idarə yaradılmışdı. 1924-cü ilədək qüvvədə olan qanuna görə, əcnəbi elan edilmiş hindular bu ölkənin vətəndaşları sayılmırdılar və heç bir hüquqa malik deyildilər.
2017-cu ildəki statistik göstəricilərə görə, ABŞ əhalisinin 0.97%-İ ABŞ hindularından (Alyaska yerliləri) ibarətdir.
Qeyd edək ki , 8 sentyabr 2000-ci ildə ABŞ-da Hindu İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindulardan rəsmi şəkildə üzr istəyib. Lakin xalqlarının böyük hissəsi gəlmələr tərəfindən məhv edilmiş və “demokratiyanın beşiyi hesab olunan” ABŞ-da günümüzdə belə irqi ayrı-seçkiliyə məruz qalan hindulardan üzr istənməsinin səmimiliyi, məhz “erməni soyqırımı”nın özü qədər inandırıcıdır.
ABŞ tarixinin digər böyük insanlıq cinayəti isə 1945-ci ildə Yaponiyada törədilib.Təsadüfi deyil ki, tarixdə ilk və yeganə nüvə silahından istifadə nümunəsi məhz ABŞ tərəfindən həyata keçirilib. Dinc əhaliyə yönəlmiş bu hücum nəticəsində Xirosimada 140 min, Naqasakidə isə 80 min insan dünyasını dəyişdi.
ABŞ qətliamları sonrakı dövrlərdə də davam edib. 1960-70-ci illərdə Vyetnam müharibəsi zamanı Amerika əsgərləri işgəncə, təcavüz, toplu qətliamlar, kimyəvi silahlardan istifadə kimi müharibə cinayətləri törədib. Bu müharibə 1.5 milyondan çox dinc vyetnamlının ölümü ilə nəticələnib.
“Amerika demokratiyası”nın növbəti qurbanları isə Əfqanıstan və İraqdır. Əfqanıstanda 2001-ci ildən bu günə kimi davam edən münaqişədə 50 mindən çox dinc insan həlak olub.
İraqda isə təkcə 2003-2007-ci illər aralığında 1,2 milyon dinc sakin qətlə yetirilib. Bu qədər günahsız insanın qatili olan ABŞ-ın Osmanlının öz ərazisində yüzminlərlə dinc sakinin qatili olan erməni terrorçularını deportasiya etməsini “soyqırımı” olaraq adlandırması taleyin acı ironiyasıdır.
Murad Əhmədov, Bizim.Media