Qərbin növbəti TƏXRİBAT NİYYƏTİ – Gürcüstan 2008-ci ildəki səhvini TƏKRARLAYACAQ?

Qərbin növbəti TƏXRİBAT NİYYƏTİ – Gürcüstan 2008-ci ildəki səhvini TƏKRARLAYACAQ?

Hazırda oxunan: Qərbin növbəti TƏXRİBAT NİYYƏTİ – Gürcüstan 2008-ci ildəki səhvini TƏKRARLAYACAQ?

190673

Gürcüstan addım-addım vətəndaş qarşıdırmasına sürüklənir. Bəhanə isə hansısa bir qanun layihəsidir. Guya ki, hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ölkədə demokratiyanı buxovlamağa və insan haqlarının tapdanmasına yönəlib. Halbuki adından da göründüyü kimi qanun layihəsi Gürcüstana xarici təsirləri azaltmaq məqsədi daşıyır. Yəni mövzu milli və dövlət təhlükəsizliyidir.

Gürcüstanda etirazçılar nədən narazıdır? 

Məlum olduğu kimi, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi xaricdən alınan qrantların qarşısını almağa yönəlib. Çünki Gürcüstan qrantlar paliqonuna çevrilib. Hazırda qonşu ölkədə hər 3 nəfərdən biri Qərbdən qrant alır. Xüsusilə də siyasi partiyalar və QHT-lər Qərbin pul kisəsindən asılıdır. Ümumilikdə, ölkədə fəaliyyət göstərən 25 minə yaxın QHT- nin böyük hissəsi Qərbdən maliyyələşir. 
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ


Bundan əlavə, Qərbin qrant verən təşkilatlarının demək olar ki, hamısının regional mərkəzi Tiflisdə yerləşir. Yəni Qərb təkcə Gürcüstandakı vətəndaş cəmiyyətini öz əlində saxlamır, həm də region dövlətlərinə buradan mənbəyi bəlli olmayan pullar ötürür. Təbii ki, Qərb də heç kimə pulu bağışlamır. Verilən pulların qarşılığı istənilir. 

Xarici asılılıqsa milli müstəqilliyə təhdiddir, zərbədir. 

Ona görə də Gürcüstan dövləti gec də olsa, öz suveren hüquqlarına sahib çıxmaq və müstəqil siyasət yürütmək istəyir. Bunun üçünsə ilk növbədə ölkə daxilində xarici agentura şəbəkələrinin dayaqlarını sarsıtmağa çalışırlar. Məhz parlamentdəki qanun layihəsi bu məqsədə hədəflənib.

Maraqlıdır ki, Qərbin qrantlarından Gürcüstanda təkcə siyasi partiyalar və QHT-lər yox, həm də dövlət institutları faydalanır. Bu da o deməkdir ki, bu ölkədə təkcə vətəndaş cəmiyyəti deyil, bəzi dövlət orqanları da Qərb tərəfindən idarə edilir. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisdə parlament binası qarşısında qanuna etiraz edən etirazçıları dəstəkləyib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bu addımlarına görə ölkə prezidenti Salome Zurabişvilini xain adlandırıb. Onun fikrincə, prezident dövlətin milli maraqlarına xəyanət edir:

“Zurabişvilinin ölkə prezidenti postunu tutması üzücüdür”. 

Qanun layihəsinin doğurduğu əks-səda o qədər güclüdür ki, bu hətta ölkə rəhbərliyi arasında ciddi fikir ayrılığına səbəb olub. Ona görə də Gürcüstanda vəziyyət təsəvvür olunmayacaq qədər ciddidir. Ən azından vətəndaş qarşıdurması qaçılmazdır. Ola bilsin ki, hadisələr dövlət çevrilişinə qədər inkişaf etsin. 

Nəzərə alaq ki, bütün rəngli inqilablar xarici qrantlar hesabına təşkil edilir. Bunun ən acı təcrübəsini yaşayan ölkələrdən biri də məhz Gürcüstandır. Məlum olduğu kimi 2004-cü ildə Gürcüstanda rəngli inqilab hesabına Mixail Saakaşvili hakimiyyətə gətirildi. O öz hakimiyyəti dövründə Gürcüstanda müəyyən uğurlu sosial layihələr həyata keçirdi. Buna görə əhali tərəfindən müəyyən alqış qazandı. 

Ancaq Qərbin əsas hədəfi Gürcüstanda demokratik və inkişaf etməkdə olan bir cəmiyyət qurmaq deyildi. 

Qərbin Saakaşvilinin qarşısına qoyduğu əsas hədəf Rusiyaya qarşı cəbhə açmaq idi. 2008-ci ildə Saakaşvili Qərbin təzyiqləri altında Rusiyaya açıq müharibə elan etdi. Gürcü liderin bu avantürist addımı isə Gürcüstana çox baha başa gəldi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. 

Cəmi iki ay çəkən müharibədən sonra Gürcüstan müharibəni dayandırmaq zorunda qaldı. Bu isə Qərbin xoşuna gəlmədi. Saakaşvilini bu avantüraya sürükləyən Qərb sonda onun arxasında dayanmadı. Nəticədə isə uduzan Gürcüstan dövləti, gürcü cəmiyyəti oldu. Saakaşvilinin sonrakı durumu isə hər kəsə məlumdur. 

O zaman baş verənlər ABŞ başda olmaqla Qərbin gürcü xalqına qarşı təxribatı idi. İndi bu təxribatın yenidən təkrarlanmasına cəhd olunur. Ancaq həmin dövrdən fərqli olaraq, gürcü xalqı təhlükəni görür və avantüraya getmir. Eyni zamanda, Gürcüstan dövlətinin başında dayananlar məsələyə soyuq başla yanaşa bilir. Ona görə hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyası “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsində çox qərarlı və istəklidir. 

Qərb Gürcüstana çox sayda şirin vədlər verir. 

Bunun ən böyüyü isə ölkənin Avropa İttifaqına üzvülük məsələsidir. Amma Qərbin siyasətinə az-çox bələd olan hər kəs bilir ki, Gürcüstanla yanaşı Moldova və Ukrayna heç zaman Aİ-nin üzvü olmayacaq.

Çünki hər üç ölkədə separatizm ocağı var. Bu ocaq söndürülməyənə qədər Aİ heç zaman bu ölkələrə öz ağuşunu açan deyil. Qərb açıq şəkildə bu ölkələrə deyir ki, “Rusiyaya qarşı cəbhə açın, ondan sonra biz sizi öz sıramıza qataq”. Hətta bunun üçün Qərb bu ölkələrə, o cümələdən Gürcüstana vaxt da verib. Guya ki, 2030-cu ildə hər üç ölkə Aİ-yə üzv olacaq. 
Amma bilən yoxdur ki, 2030-cu ildə Aİ hansı statusda olacaq və bu ittifaqa girmək həmin ölkələrə nə verəcək.

Bu da o deməkdir ki, Gürcüstanda Qərbin təsiri altında olan bəzi qüvvələr küçələrə tökülüblər. Ölkənin sağlam qüvvələri Gürcüstanı xarici asılılıqdan və kimlərinsə aləti olmaqdan xilas etmək istəyir. Amma ölkə daxilində Qərbin pul kisəsindən asılı xeyli qüvvə var. Bu qüvvələrsə yəqin ki, sona qədər mübarizə aparacaqlar. 

Həmin qüvvələr milli və dövlət maraqlarından daha çox öz gündəlik dolanışıqlarını düşünürlər. Çünki onların dolanışığı Qərbdən axan qrantlardan formalaşır.  Amma alınan qrantlar hesabına Gürcüstanın dövlət əsasları və milli dəyərləri sarsıdılır. Yada salaq ki, Qərbin təzyiqi ilə Gürcüstanda cinsi azlıqların toxunulmazlığı, narkomaniyanınsa genişlənməsi üçün geniş imkanlar açılıb. Hazırda bu ölkənin milli-mənəvi dəyərləri Qərbin ideyalarının təsiri ilə məhv edilir. 

Qərb bu günədək etdikləri ilə kifayətlənmir. 

Əsas hədəf  Gürcüstanı Rusiyaya qarşı müharibəyə sövq etməkdir. 2008-ci ildə bu layihə baş tutmadı. Ona görə də bu layihə yenidən masaya qoyulub. ABŞ və Aİ açıq şəkildə Gürcüstanda milli zəmində nifrət toxumu səpir. Təsadüfi deyil ki, hazırda Gürcüstandakı etirazçılar hakimiyyəti Rusiyanın tərəfdarı olmaqda günahlandırır. Üstəlik, etirazçılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini Rusiyanın təkidi ilə ortaya atıldığını deyirlər. 

Artıq hər şey aydındır...

ABŞ və Aİ Ukraynadan sonra Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Bunu da Gürcüstanda çoxları bilir. Amma heç kəs həqiqəti demək istəmir. Sadəcə olaraq bir qanun layihəsini bayraq edərək iqtidara qarşı çıxışlar edilir. O iqtidara ki, onların apardığı siyasət milli dövlətçiliyə, milli maraqlara və regional sülhə, mehriban qonşuluğa xidmət edir. 

Amma təəssüf ki, ABŞ və Aİ nəinki Gürcüstanda, hətta Cənubi Qafqazda dinciliyin və əmin-əmanlığın olmasını istəmir. Qərbin istədiyi nəyin bahasına olursa-olsun Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Vəssalam! 
Ona görə də Gürcüstan ya Qərbdən imtina edəcək, ya da Rusiyaya qarşı müharibə başlayacaq. Bunu isə mayın 11-də biləcəyik. Çünki məhz həmin gün  “Xarici təsirin şəffaflığı haqqında” qanunun taleyi bəlli olacaq.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO