“ABŞ və NATO Ukraynaya yeni hərbi yardım tədarükündə hələ gecikməyiblər”.
Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
Həmçinin ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayrılması layihəsini qəbul edib.
ABŞ və Qərb Ukraynadan əlini üzmüş kimi görünüb daha sonra bu ölkəyə yenidən yardım edir. Bu gedişlər Rusiyanı çökdürmək məqsədi daşıyır?
Politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, 2022-ci ildən bu günə qədər ABŞ-nin əsas siyasəti zamana oynamaqla Rusiyanı tamamilə çökdürmək və bütün resurslarını xərclətməklə sözügedən ölkəni qlobal güc mahiyyətindən çıxarmaqdan ibarətdir:
“Ancaq bəzi vaxtlarda bu məqsədin yanlış olduğu üzə çıxdı. Qərb dünyası, ABŞ və Avropa Birliyinə daxil olan ölkələrin çevik qərar vermək mexanizmlərinin mövcud olmadığı anlaşıldı. Yardımlar üçün onlarla iclaslar keçirilir, bu qərarı istəməyən bəzi ölkələr veto qoyduğu təqdirdə proses uzanır.
Bunun nəticəsi isə Ukrayna üçün pis olur. İnfrastrukturlar, kəndlər, şəhərlər dağılır, insanlar vəfat edir. ABŞ-nin maliyyə ayırmasının yeganə səbəblərindən biri də bu ölkədə keçiriləcək prezident seçkiləridir. Respublikaçılar Trampın göstərişi ilə bu maliyyəni uzun müddət blok etdilər ki, Bayden nüfuzdan düşsün. Ancaq sonradan bu ölkənin ictimai rəyində bəlli oldu ki, ABŞ Ukraynanın indiki vəziyyətdə Rusiyaya məğlub olmasından yana deyil.
Əksinə, bu prosesin uzadılması Trampın seçki prosesinə, imicinə çox ciddi zərbə vurub. Yalnız bundan sonra müəyyən dəyişikliklərə rəvac verildi. Nəticə etibarilə 61 milyard dollar yardım təsdiq olunub. Yəni bu faktların özü bir daha göstərir ki, indiki vəziyyətdə qətlə yetirilən əhali, dağıdılan, məhv edilən Ukrayna Qərb dünyasının vecinə deyil. Burada özlərinin geosiyasi maraqları ön plana çıxır. Əsas məqsəd Rusiyanı çökdürməkdir, ancaq Rusiya çökmədi. Əksinə, 2 il müddətində öz iqtisadiyyatını səliqəyə saldı”.
N.Miri əlavə edib ki, yardımların Ukraynaya ardıcıl göndərilməsi məcburiyyətdən doğan prosesdir:
“Qlobal güclər zamana oynamadan lazım olan yardımları, hərbi təchizatı, F16 qırıcı təyyarələrini, havadan müdafiə sistemlərini, hücum raketlərini versəydilər, bu gün nəticə fərqli olacaqdı. Qərbin riyakar siyasəti özlərinə doğru yön alandan sonra dərhal hərəkətə keçdilər. Ukraynanın məğlubiyyəti bütövlükdə Qərbin Rusiya qarşısında çökdürülməsinə bərabərdir.
Fikrimcə, bundan sonra Rusiyanı dayandırmaq mümkün olmayacaq. Bir tərəfdə Baltikyanı ölkələr, digər tərəfdə Skandinavyanın NATO-ya daxil olan ölkələri Rusiya təhlükəsi ilə üzləşəcək. Şərqi Avropa ölkələri ilə bağlı təhlükələri də nəzərə almaq lazımdır. Bu təhlükəni öz üzərlərində hiss edəndən sonra addım atdılar. Ancaq Ukraynada dağıdılan şəhərləri, dağılan ailələri, yarımçıq qalan yuvaları geri qaytarmaq mümkün olacaqmı?... Əsas sual budur”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:30 / 23.04.2024
Qərb öz qazdığı quyuya DÜŞDÜ – Rusiyanı dayandırmaq mümkün OLMAYACAQ...
Hazırda oxunan: Qərb öz qazdığı quyuya DÜŞDÜ – Rusiyanı dayandırmaq mümkün OLMAYACAQ...
Hazırda oxunan: Qərb öz qazdığı quyuya DÜŞDÜ – Rusiyanı dayandırmaq mümkün OLMAYACAQ...
188417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.