Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasına başlanılıb. Bu Azərbaycan və Rusiya liderlərinin birgə qərarı əsasında baş verib. Missiyanın vaxtından əvvəl Azərbaycanı tərk etməsi beynəlxalq aləmdə böyük əks-səda doğurub.
“Rusiya sülhməramlılarının Qarabağda qalmasına ehtiyac qalmadı”
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib ki, Azərbaycan və Rusiya liderlərinin birgə razılığına əsasən sülhməramlıların Qarabağdan çıxarılmasına başlanılıb:
“Nəzərə alaq ki, sülhməramlılar Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları üçtərəfli bəyannaməyə əsasən Qarabağa gəlmişdi. Bu o zaman idi ki, Ermənistan İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətə uğramışdı. Həmin vaxt Paşinyan faktiki olaraq erməni ordusunun kapitulyasiyasına imza atmışdı. Lakin o zaman erməni separatçıları Qarabağda qalıb öz təxribatçı fəaliyyətlərini davam etdirirdilər.
Əgər həmin separatçılar sakit dayansa idi, yəqinki, proses bir qədər uzanardı. Amma Ermənistan ordusunun Qarabağda qalan tör-töküntüləri öz təxribaçı hərəkətlərini davam etdirdilər. Məhz bu səbəbdən Azərbaycan dəqiq “cərrahi əməliyyat” aparmaq məcburiyyətində qaldı. Çünki separatçılar Azərbaycanın sinəsində bir yara idi. Ancaq yaranı kəsib atmaqla problem aradan qaldırmaq olardı.
Məhz, 2023-cü ilin 19 sentyabrında Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri nəticəsində erməni terrorçuları son nəfərinə qədər Qarabağdan qovuldu. Nəticədə, erməni separatçılarının Qarabağdakı qondarma qurumu özünü buraxmaq məcburiyyətində qaldı. Məhz həmin tədbirlərdən sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda Azərbaycan öz suveren hüquqlarını təmin etdi.
Bu zaman Azərbaycana reinteqrasiya etmək istəməyən ermənilərin əsas hissəsi Ermənistana üz tutdu. Baxmayaraq ki, rəsmi Bakı dəfələrlə Qarabağdakı ermənilərə Azərbaycan vətəndaşlığını qəbul etməyə və Azərbaycan qanunları ilə yaşamaqla bağlı çağırış etmişdi. Təbii ki, hər kəs taleyini özü seçir. Qarabağdakı ermənilər də öz seçimlərini bu cür etdi və Azərbaycandan getdilər. Bütün bu baş verənlərdən sonra Rusiya sülhməramlılarının Qarabağda qalmasına ehtiyac qalmadı”.
“Bu qərar Rusiya-Azərbaycan əlaqələrində yeni bir səhifə açacaq”
İqor Korotçenko qeyd edib ki, sülhməramlılar Laçın dəhlizinə nəzarət və baş verə biləcək qarşıdurmanın qarşısını almaq üçün Qarabağa gəlmişdi:
“Bu gün artıq hansısa təxribatın və etnik qarşıdurmanın başvermə ehtimalı tam aradan qalxıb. Ona görə də öz vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirən Rusiya sülhməramlıları geriyə, öz vətənlərinə dönürlər. Çünki Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa edib və heç bir separatizm təhlükəsi yoxdur.
Bir daha qeyd edirəm ki, sülhməramlılar Qarabağa gəldi və arxada qalan 3 il ərzində öz missiyasını şərəflə və yüksək peşəkarlıqla yerinə yetirdi. Mövcud reallıqları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimi Putin qərar verdilər ki, sülhməramlılar öz missiyasını layiqincə yerinə yetirdikləri və missiya başa çatdığı üçün geri dönsün. Çox məntiqli bir qərardır. Əminəm ki, iki ölkə liderinin bu qərarı Rusiya-Azərbaycan əlaqələrində yeni bir səhifə açacaq”.
Müsahibimiz bir vacib məqama da diqqət çəkib:
“Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması ABŞ və Aİ-nin destruktiv addımlarına və çağırışlarına da ən layiqli bir cavabdır. Təəssüf ki, Qərb birmənalı şəkildə Rusiyanı işğalçı kimi təqdim etmək istəyir. Amma qarşılıqlı anlaşma şəraitində sülhməramlıların Azərbaycandan çıxması bir daha sübut edir ki, Rusiyanın heç bir ölkənin ərazisində gözü yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:50 / 18.04.2024
Sülhməramlıların gedişi Rusiya ilə münasibətlərimizə necə təsir edəcək? – Korotçenkodan ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Sülhməramlıların gedişi Rusiya ilə münasibətlərimizə necə təsir edəcək? – Korotçenkodan ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Sülhməramlıların gedişi Rusiya ilə münasibətlərimizə necə təsir edəcək? – Korotçenkodan ÖZƏL AÇIQLAMA
187737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.