"ABŞ-ın Türkiyəyə F-16 satması üçün əlimdən gələni edəcəyəm".
Sfera.az xəbər verir ki, bunu respublikaçı ABŞ senatoru Lindsi Qraham Türkiyədən qayıdandan sonra bildirib.
Senator qeyd edib ki, F-16 təyyarələrinin Türkiyəyə satılması sabitliyə xidmət edəcək:
"Bayden administrasiyasının Türkiyə Hərbi Hava Qüvvələrinə F-16-ları satma qərarını dəstəkləmək üçün əlimdən gələni edəcəyəm. NATO müttəfiqimizə satılacaq döyüş təyyarələri sabitlik yaradacaq və Türkiyə ordusuna ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun qabiliyyətlər qazandıracaq".
Qeyd edək ki, L.Qraham şənbə günü qardaş ölkəyə səfər edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalınla görüşüb.
Görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələr, terrorla mübarizə, müdafiə sənayesində əməkdaşlıq, Ukrayna-Rusiya müharibəsi, Qara dəniz vasitəsilə taxıl daşınmaları, Suriya və digər regional məsələlər müzakirə edilib. Bildirilib ki, Türkiyə-ABŞ münasibətləri qarşılıqlı hörmət və anlaşma, ortaq və strateji maraqlar əsasında inkişaf etməlidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq və F-16 məsələsində irəliləyiş iki ölkənin maraqlarına xidmət edəcək.
Vəsilə İbrahim
Sfera.az